Qərbin İran tərəddüdü: Müttəfiqlər niyə ABŞ-nin koalisiya təklifinə "yox" deyir? – ÖZƏL
15:59 Siyasət"Politico"nun məlumatına görə, Avropa müttəfiqləri ABŞ və İran arasında davamlı atəşkəs əldə olunana qədər Vaşinqtonun Hörmüz boğazında birgə patrul təşəbbüsünə qoşulmaq istəmirlər. Bildirilir ki, Avropa ölkələri həm ABŞ-ın İrana qarşı əməliyyat barədə əvvəlcədən məlumat verməməsindən narazıdır, həm də riskli missiyada tamhüquqlu tərəfdaş kimi iştirak etmədiklərini düşünürlər.
"İran ətrafında koalisiyanın yaradılmasına ABŞ nə qədər çalışsa da nail ola bilmədi. Amerika uzun müddətdir ki, Körfəz regionunda bir koalisiyanın formalaşdırılmasına çalışır. İlk növbədə, Körfəz ölkələri buna müsbət yanaşmadılar. Təbii ki, burada İranın həmin ölkələrə yönəlmiş təhdidləri və mümkün hücum riskləri də əsas rol oynadı. Bu səbəbdən onlar belə bir koalisiyada iştirak etməkdən çəkindilər".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Ekspert bildirib ki, ikinci məsələ isə ABŞ-nin Qərbdəki müttəfiqləri olan Avropa ölkələrinin bu koalisiyada iştirak etməməsidir. Daha doğrusu, Avropa ölkələri ABŞ-nin İrana qarşı yaratmağa çalışdığı koalisiyaya qoşulmağa maraq göstərmədilər. Məsələn, ABŞ 2003-cü ildə Səddam Hüseyn rejiminə qarşı əməliyyat həyata keçirərkən geniş bir koalisiya formalaşdıra bilmişdi. Həmin koalisiyada həm Körfəz və Körfəzətrafı ölkələr, həm də ABŞ-nin Avropadakı müttəfiqləri iştirak edirdilər. O dövrdə istər Böyük Britaniyanın baş naziri Toni Bleyer, istərsə də Fransa prezidenti Jak Şirak bu məsələlər ətrafında aktiv siyasi mövqe nümayiş etdirirdilər. Lakin hazırda ABŞ İrana qarşı eyni səviyyədə dəstək əldə edə bilmir. Çünki Avropa ölkələri, ilk növbədə, İrana qarşı hərbi qarşıdurmada iştirak etməyə həvəsli deyillər və müharibənin bir parçasına çevrilmək istəmirlər. Bunun əsas səbəblərindən biri Avropanın öz daxilində mövcud olan ciddi problemlərdir. Avropa ölkələri iqtisadi durğunluq, sosial və siyasi çətinliklərlə üzləşirlər və bu səbəbdən böyükmiqyaslı bir müharibədə iştirak etmək niyyətində deyillər.
"Belə bir müharibədə iştirak ABŞ-nin Avropa ölkələri üzərində təsir imkanlarını daha da artırmış olardı. Nə Böyük Britaniya, nə də Fransa hazırkı mərhələdə bunu qəbul etmək istəmir. Əksinə, onlar ABŞ-nin Avropa üzərindəki təsirinin artmasında maraqlı deyillər və daha müstəqil siyasət yürütməyə çalışırlar. Bu baxımdan düşünmürəm ki, belə bir koalisiyanın yaradılması mümkün olsun. ABŞ-nin Hörmüz boğazı ətrafında təklif etdiyi patrul qüvvələrinin formalaşdırılması təşəbbüsünün də uğur qazanacağı inandırıcı görünmür. Doğrudur, bununla bağlı Avropa ölkələri tərəfindən müəyyən dəstək xarakterli bəyanatlar verilir. Lakin açıq şəkildə görünür ki, Avropa ölkələri bu təşəbbüsdə iştirak etməyə elə də həvəsli deyillər", - deyə ekspert əlavə edib.
Səidə Ramazanova