Böyük Qayıdış bu günün reallığıdır- ÖZƏL

"Bəzi xarici dairələrin və qərəzli media qurumlarının Azərbaycanda aparılan bərpa-quruculuq işlərinə kölgə salmaq cəhdlərinə baxmayaraq, faktlar tamamilə fərqli mənzərə ortaya qoyur. Bölgəyə səfər edən xarici diplomatlar, beynəlxalq təşkilatların nümayəndələri və jurnalistlər öz gözləri ilə gördükləri genişmiqyaslı yenidənqurma işlərini yüksək qiymətləndirirlər. Bu isə Azərbaycanın həyata keçirdiyi siyasətin şəffaflığını və real nəticələrini təsdiqləyir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Jalə Əliyeva deyib: "Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Qarabağ və Şərqi Zəngəzur dünyanın ən gözəl bölgələrindən birinə çevriləcək. Bu hədəfə doğru atılan hər addım göstərir ki, Böyük Qayıdış proqramı yalnız bugünkü nəslin deyil, gələcək nəsillərin rifahına hesablanmış uzunmüddətli inkişaf strategiyasıdır.

Artıq Böyük Qayıdış yeni mərhələyə qədəm qoyub. İnfrastrukturun qurulmasından sonra əsas diqqət əhalinin sayının artırılmasına, iqtisadi fəallığın genişləndirilməsinə, yeni iş yerlərinin açılmasına və bölgənin tam sosial-iqtisadi inteqrasiyasına yönəldilir. Bu isə o deməkdir ki, qarşıdakı illərdə Qarabağ və Şərqi Zəngəzur təkcə Azərbaycanın deyil, bütövlükdə Cənubi Qafqazın ən dinamik inkişaf edən məkanlarından biri olacaq.

Beləliklə, Böyük Qayıdış proqramı Azərbaycanın müasir dövlətçilik tarixinin ən möhtəşəm layihələrindən biridir. Bu layihə torpaqların bərpasını, insanların öz doğma yurdlarına qovuşmasını, iqtisadi dirçəlişi, milli birliyi və tarixi ədalətin bərpasını özündə birləşdirir. Qarabağda ucalan hər yeni bina, istifadəyə verilən hər yol, fəaliyyətə başlayan hər məktəb və xəstəxana Azərbaycanın gücünün, xalqın əzminin və dövlətin uzaqgörən siyasətinin bariz nümunəsidir. Böyük Qayıdış artıq gələcəyin planı deyil - bu günün reallığıdır və bu reallıq Azərbaycanın inkişaf salnaməsində qızıl hərflərlə yazılır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31