“Qərbi azərbaycanlıların qayıdışı siyasi gündəmə keçə bilər” – ÖZƏL
20 İyul 12:16 SiyasətOlaylar.az xəbər verir ki, Ermənistanın Beynəlxalq Hüquq Məsələləri üzrə Nümayəndəliyinin keçmiş rəhbəri Liparit Drmeyan "Sputnik Armenia"ya müsahibəsində bildirib ki, 1990-cı illərdə Ermənistandan köçmüş azərbaycanlıların qayıdışı və mülkiyyət hüquqları məsələsi hüquqi müstəvidə qapanıb, lakin bunun siyasi müstəviyə keçməsi istisna olunmur.
Ekspert iddia edir ki, BMT-nin Beynəlxalq Məhkəməsi və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (AİHM) qərarları bu məsələdə Ermənistanın mövqeyini hüquqi baxımdan gücləndirib və prosessual müddətlər keçdiyi üçün hüquqi iddialar rədd edilib.
Bununla belə, Drmeyan vurğulayıb ki, hüquqi müstəvidə imkanlar tükənsə də, məsələ siyasi müstəviyə keçə bilər: "Hökumət bəyan edə bilər ki, beynəlxalq hüquq müstəvisində məsələ bağlıdır, lakin siyasi qərarla bu şəxslərin qayıdışına şərait yaradırıq. Əgər bu, siyasi qərardırsa, heç bir beynəlxalq hüquq kömək etməyəcək."
Keçmiş rəsminin fikrincə, azərbaycanlıların qayıdışından fərqli olaraq, Qarabağ ermənilərinin qayıdışı BMT Məhkəməsinin təxirəsalınmaz qərarı ilə təmin olunub. Lakin Ermənistan hökuməti ciddi diplomatik iş aparmaq əvəzinə, sülh müqaviləsi fonunda beynəlxalq məhkəmə iddialarından imtina etməyi gündəmə gətirir.