Bakı-Moskva xəttində informasiya savaşı: Rusiyanı narahat edən nədir? – ÖZƏL

"Hər nə qədər hər iki tərəfdən münasibətlərin normallaşması və istiləşməsi ilə bağlı bəyanatlar səslənsə də, görünən odur ki, son dövrdə baş verən hadisələrin təsiri hələ də qalmaqdadır. Xüsusilə də Azərbaycan sərnişin təyyarəsinin vurulmasından sonra Azərbaycanın Rusiyaya münasibətində ciddi dəyişikliklər baş verdi və bu dəyişikliklər bu gün də ikitərəfli münasibətlərdə özünü göstərir".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Ramiyə Məmmədova deyib. Ekspert bildirib ki, Şuşa Qlobal Media Forumunda Prezidentin çıxışı və xarici işlər naziri Ceyhun Bayramovun Rusiya ilə münasibətlərin normallaşması istiqamətində verdiyi açıqlamalar müsbət mesajlar idi. Lakin eyni zamanda Prezident Rusiyada atılan bəzi addımlara da toxundu. O, Azərbaycan haqqında obyektiv və müsbət mövqe nümayiş etdirdiklərinə görə bir neçə şəxsin vəzifəsindən uzaqlaşdırıldığını qeyd etdi. Bu isə onu göstərir ki, Rusiyada Azərbaycana qarşı normal və konstruktiv münasibət sərgiləyən şəxslərə müəyyən mənada mənfi yanaşılır. Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, Rusiya Azərbaycanın həm daxili, həm də xarici siyasət kursunu qəbul etmək istəmir. Azərbaycanın müstəqil və sərbəst siyasət yürütməsi Moskvanı narahat edir. Çünki Rusiya postsovet məkanına hələ də öz təsir dairəsi kimi yanaşır və hesab edir ki, bu ölkələr onunla daha çox hesablaşmalı və Rusiyaya yaxın siyasət aparmalıdırlar. Lakin bu gün postsovet ölkələrinin əksəriyyəti uzun illərdir müstəqil xarici siyasət həyata keçirir, Qərb dövlətləri ilə əməkdaşlıq və tərəfdaşlıq münasibətlərini inkişaf etdirirlər. Bu isə Rusiyanın maraqlarına uyğun gəlmir. Məhz buna görə də Rusiya mediasında, Telegram kanallarında və müxtəlif informasiya resurslarında Azərbaycanın siyasəti, iqtisadiyyatı və ölkədə gedən sosial proseslər mütəmadi olaraq tənqid olunur. Eyni zamanda, Azərbaycan Prezidentinin beynəlxalq görüşləri, atdığı addımlar və səsləndirdiyi fikirlər də tez-tez Rusiyaya qarşı yönəlmiş addımlar kimi təqdim edilir. Bu səbəbdən hazırda informasiya müstəvisində də bu məsələ kifayət qədər qabardılır. 

Ekspertin fikrincə, Moskvanın əsas məqsədi Azərbaycanı və digər postsovet ölkələrini yenidən öz təsir dairəsinə qaytarmaq, əvvəlki geosiyasi təsir mexanizmlərini bərpa etməkdir. Lakin mövcud beynəlxalq və regional şəraitdə bunun reallaşması mümkün görünmür. Buna görə də Azərbaycana qarşı bu cür siyasi və informasiya siyasətinin davam etdirildiyini müşahidə edirik.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31