Azərbaycan D-8 ölkələrinin ətraf mühit nazirlərinin ilk iclasında təmsil olunub

Azərbaycan iyulun 16-17-də Türkiyənin İstanbul şəhərində keçirilən D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin ətraf mühit nazirlərinin 1-ci iclasında təmsil olunub.

Olaylar.az xəbər verir ki, iclas COP31-ə hazırlıq çərçivəsində D-8 ölkələri arasında əməkdaşlığın gücləndirilməsi, iqlim danışıqları üzrə prioritetlərin əlaqələndirilməsi və ümumi yanaşmanın formalaşdırılması məqsədilə təşkil edilib.

Azərbaycanı tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva təmsil edib. Nazir müavini ölkə bəyanatı ilə çıxış edərək Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə, beynəlxalq iqlim əməkdaşlığının genişləndirilməsi və qlobal iqlim gündəliyinə töhfə vermək istiqamətində həyata keçirdiyi fəaliyyət barədə məlumat verib.

İclasın yekununda iştirakçı ölkələr tərəfindən "İqlim Fəaliyyəti və COP31-ə Hazırlıq üzrə İstanbul D-8 Nazirlər Bəyannaməsi" qəbul olunub. Sənəddə COP31 ərəfəsində D-8 ölkələri arasında əməkdaşlığın dərinləşdirilməsi, koordinasiyanın gücləndirilməsi və iqlim fəaliyyəti üzrə birgə səylərin artırılması ilə bağlı ümumi mövqe əksini tapıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31