Əkbər Qoşalı: “NATO-nun Təmas Səfirliyi hərbi infrastruktur deyil, güvənli tərəfdaşlığın təsdiqidir” – ÖZƏL
16:15 SiyasətSlovakiya 2027-2028-ci illərdə NATO-nun Azərbaycandakı Təmas Səfirliyi funksiyasını təkbaşına icra edəcək. Bu qərar Azərbaycanın NATO ilə davamlı tərəfdaşlığının göstəricisi hesab olunur. Təmas Səfirliyi hərbi baza və ya daimi NATO nümayəndəliyi deyil, tərəflər arasında əlaqələrin koordinasiyası, ictimai diplomatiya, ekspert və hərbi əməkdaşlığın təşviqinə xidmət edən diplomatik mexanizmdir. Qərarın Cənubi Qafqazın geosiyasi reallıqları fonunda Rusiya, İran və Ermənistan tərəfindən diqqətlə izlənəcəyi bildirilir.
Slovakiyanın Təmas Səfirliyi missiyasını davam etdirməsi Azərbaycan-NATO münasibətləri baxımından hansı siyasi mesajı verir? Bu qərar regionun geosiyasi balansına hansı formada təsir göstərə bilər?
"Azərbaycan NATO ilə münasibətlərini qarşılıqlı maraqlar, praqmatik işbirliyi və balanslaşdırılmış xarici siyasət xətti üzərində davam etdirir. Dost Slovakiyanın qarşıdakı iki il içində NATO-nun Azərbaycanda icra edəcəyi Təmas Səfirliyi
hərbi infrastruktur sayılmır, o, bir dialoq və işbirliyi platformudur. Bunu Azərbaycanın hansısa hərbi bloka inteqrasiyası kimi qiymətləndirmək yerinə, güvənli tərəfdaş statusunun növbəti təsdiqi kimi dəyərləndirmək daha doğrudur".
Bu fikirləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında araşdırmaçı-yazar, türkoloq Əkbər Qoşalı deyib. Türkoloq bildirib ki, geosiyasi baxımdan isə bu addım Güney Qafqazda diplomatik ünsiyyət kanallarının genişlənməsinə xidmət edir. Təbii, Rusiya, İran və Ermənistan prosesi diqqətlə izləyəcək - qoy, izləsinlər; ancaq Azərbaycanın uzun illərdir dəyişməyən, bəlli prinsipi olduğu unudulmamalıdır: bu, heç bir dövlətə qarşı yönəlməyən, milli maraqlara söykənən, çoxşaxəli və tarazlaşdırılmış xarici siyasətdən ibarətdir. Bax, bu yanaşma bölgədə güvənin və sabitliyin qorunması baxımından ən rasional model olaraq qalır. Biz rasional modelin ən ysxın keçmişdə, günümüzdə nə dərəcədə önəm daşıdığını, yararlarını gördük; həmin rasionallığın gələcəkdə də yararılı olacağı şübhəsizdir.
"Bəli, bu qərar, Azərbaycanın beynəlxalq münasibətlər sistemində öz öhdəliklərinə sadiq və müstəqil qərarvermə iradəsinə malik dövlət kimi qəbul edildiyini göstərir. Çağdaş geosiyasətdə güvən ən azı hərbi və iqtisadi güc qədər strateji kapitaldır. Slovakiyanın bu missiyanı davam etdirməsi də məhz həmin güvən mühitinin növbəti təzahürü, təcəllisi kimi dəyərləndirilə bilər", - deyə ekspert qeyd edib.
Dövlətimiz zaval görməsin!
Səidə Ramazanova