Keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı postmünaqişə inkişafının yeni modelini formalaşdırır- ÖZƏL
14:24 Siyasət"Qarabağa təşkil olunan səfərlər Ermənistanın uzun illər davam etmiş işğal siyasətinin nəticələrinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından da mühüm əhəmiyyət daşıyır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib: "Dağıdılmış şəhərlər və kəndlər, məhv edilmiş tarixi, dini və mədəni irs nümunələri, talan olunmuş yaşayış məntəqələri işğal dövründə törədilmiş vandalizmin miqyasını açıq şəkildə nümayiş etdirir. Xarici qonaqlar bu mənzərəni birbaşa müşahidə edərək onu dünya ictimaiyyətinə çatdırırlar.
Tədbir iştirakçıları eyni zamanda Azərbaycanın həyata keçirdiyi bərpa və yenidənqurma proqramının miqyası ilə yaxından tanış olurlar. Müasir yollar, hava limanları, sosial infrastruktur, "ağıllı şəhər" və "ağıllı kənd" layihələri, yaşıl enerji təşəbbüsləri və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı postmünaqişə inkişafının yeni modelini formalaşdırır. Artıq dördüncü dəfə keçirilən Şuşa Qlobal Media Forumu göstərir ki, Şuşa beynəlxalq media dialoqunun mühüm mərkəzlərindən birinə çevrilib. Burada medianın sülhün təşviqində rolu, dezinformasiyaya qarşı mübarizə, rəqəmsal təhlükəsizlik və informasiya etibarlılığı kimi qlobal mövzular müzakirə olunur. Bu isə Azərbaycanın postmünaqişə reallıqlarının obyektiv təqdim olunmasına, beynəlxalq ictimai rəyin faktlar əsasında formalaşmasına və regionda davamlı sülhə xidmət edən etimad mühitinin möhkəmlənməsinə mühüm töhfə verir".