İranın asimmetrik gücü və ABŞ-nin riskləri: Qarşıdurma hara aparır? – ÖZƏL
13:59 Siyasət"ABŞ ilə İran arasındakı münaqişə davam edir və tərəflərdən biri məğlubiyyəti qəbul edənə qədər də davam edəcək. Hələlik ABŞ daha güclü tərəf olsa da, İran təslim olmur və asimmetrik müharibə aparmaq imkanına malikdir. İranın dron və raket arsenalı onun müqavimətini davam etdirməsinə imkan verir".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. Siyasi şərhçi bildirib ki, ABŞ-nin üstünlüyü daha böyük hərbi gücə malik olmasıdır. Bununla yanaşı, Vaşinqton üçün müəyyən risklər də mövcuddur. Çünki İranın zərbə endirə biləcəyi məsafədə çoxsaylı ABŞ hərbi bazaları yerləşir. Bu bazalar Amerika üçün ciddi təhlükə mənbəyidir. Bundan başqa, ABŞ-nin regionda müttəfiqləri və strateji maraqları var. İranın həmin hədəflərə qarşı da müxtəlif addımlar atmaq və hücumlar təşkil etmək imkanları mövcuddur. Digər tərəfdən, ABŞ-nin İrana daha ağır zərbələr endirmək potensialı var. Məsələn, elektrik stansiyalarına hücum edilərsə, bu, İranda çox ciddi problemlər yarada, hətta humanitar fəlakət riskinə səbəb ola bilər. Hazırda Donald Tramp sərt bəyanatlar verir və hədələyici ritorikadan istifadə edir. Lakin hələlik konkret hərbi addım atmır. Görünür, Tramp ümid edir ki, İran yenidən danışıqlar masasına qayıdacaq və ABŞ-nin irəli sürdüyü şərtləri qəbul edəcək. Həmin şərtlər, ehtimal ki, həm açıqlanan, həm də ictimaiyyətə bəlli olmayan bəndlərin məcmusundan ibarətdir.
"Hörmüz boğazı məsələsinə gəldikdə isə görünən odur ki, ABŞ ilə İran arasında bu mövzuda ciddi fikir ayrılığı qalmaqdadır. Tramp bir vaxtlar boğazdan keçən yüklərlə bağlı müəyyən ödəniş və ya rüsum tətbiq edilməsi barədə danışsa da, sonradan bu mövqedən geri çəkildi. Görünür, ABŞ Hörmüz boğazına daha geniş nəzarət imkanları əldə etmək istəyir. İran isə hesab edir ki, bu, onun suveren hüququdur və Hörmüz boğazı ilə bağlı heç bir güzəştə getmək niyyətində deyil. İrandakı rejim, eləcə də ölkənin neft və digər təbii sərvətləri ilə bağlı məsələlərdə də ABŞ hələlik istədiyi nəticəni əldə edə bilməyib. Bu baxımdan hesab edirəm ki, münaqişə hələ bir müddət davam edəcək. Üstəlik, İsrailin də ABŞ siyasətinə müəyyən təsir imkanları var və İranın güclənməsi, yaxud mövcud potensialını qoruyub saxlaması İsrailin maraqlarına uyğun deyil. Bu da qarşıdurmanın davam etməsi ehtimalını artırır. Münaqişənin nə qədər davam edəcəyini və hansı nəticələr doğuracağını indidən söyləmək çətindir. Məncə, tərəflərin imkanları, ehtiyatları və resursları müəyyən qədər tükənəndə müvəqqəti fasilələr yaranacaq. Daha sonra onlar öz hərbi və iqtisadi potensiallarını bərpa etdikdən sonra qarşıdurma yenidən davam edə bilər. Görünür, bu alqoritm hələ bir müddət davam edəcək", - deyə ekspert əlavə edib.
Ə. Mustafanın sözlərinə görə, ya ABŞ-nin irəli sürdüyü şərtlər qəbul olunacaq, ya da Vaşinqton məqsədlərinə nail olana qədər təzyiq və qarşıdurmanı davam etdirəcək. İranın arxasında dayanan Rusiya, Çin və ya digər dövlətlərin isə bu mərhələdə Tehrana həlledici səviyyədə dəstək verə biləcəklərini düşünmürəm. Buna görə də qarşıdurmanın davam etməsi riski kifayət qədər yüksək olaraq qalır.
Səidə Ramazanova