Aİ-yə üzv dövlətlər Azərbaycanla münasibətə xüsusi önəm verirlər- ÖZƏL
12:38 Siyasət"Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi proseslərin sürətlə dəyişdiyi, enerji təhlükəsizliyi, nəqliyyat-logistika marşrutları və regional sabitlik məsələlərinin qlobal siyasətin əsas prioritetlərinə çevrildiyi bir dövrdə Azərbaycan özünün ardıcıl və praqmatik xarici siyasəti sayəsində beynəlxalq nüfuzunu davamlı şəkildə artırır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib:
"Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən balanslaşdırılmış xarici siyasət kursu ölkəmizi təkcə Cənubi Qafqazın aparıcı dövləti deyil, həm də Avropa ilə Asiyanı birləşdirən mühüm geostrateji mərkəz kimi mövqeləndirib. Azərbaycanın siyasi sabitliyi, müstəqil qərarvermə imkanları, zəngin enerji resursları, beynəlxalq nəqliyyat dəhlizlərində artan rolu və regional əməkdaşlıq təşəbbüsləri ölkəmizi dünyanın etibarlı tərəfdaşlarından birinə çevirib.
Bu reallıq fonunda Avropa İttifaqına üzv dövlətlərin Azərbaycanla münasibətlərə xüsusi önəm verməsi təsadüfi deyil. Son illər Avropa ölkələri ilə siyasi dialoqun intensivləşməsi, iqtisadi əlaqələrin genişlənməsi və enerji sahəsində strateji əməkdaşlığın dərinləşməsi Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsinin əyani göstəricisidir".