Salyanda YAP rayon təşkilatının yaradılmasının 33-cü ildönümü qeyd edilib- ÖZƏL
12:04 SiyasətYeni Azərbaycan Partiyasının Salyan rayon təşkilatının yaradılmasının 33-cü ildönümünə həsr olunmuş "Yenilənən siyasətin yeni nəfəsi" mövzusunda tədbir keçirilib. Tədbirdə Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov, YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, ərazi partiya təşkilat sədrləri və sədr müavinləri, ziyalılar, partiya veteranları və fəalları, gənclər iştirak ediblər. "Olaylar" xəbər verir ki, tədbir iştirakçıları öncə YAP Salyan rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edib, əziz xatirəsini dərin hörmət və ehtiramla anıblar.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Yeni Azərbaycan Partiyasının yaranmasından və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov Yeni Azərbaycan Partiyasının Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, milli həmrəyliyin təmin olunmasında və ölkəmizin davamlı inkişafında müstəsna rolundan bəhs edib. O bildirib ki, Ümummilli Lider Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə daim yenilənən, müasir çağırışlara uyğun inkişaf edən, cəmiyyətin bütün təbəqələrini öz ətrafında birləşdirən aparıcı siyasi qüvvə kimi ölkənin ictimai-siyasi həyatında mühüm yer tutur. Rayon təşkilatının ötən 33 il ərzində həyata keçirdiyi fəaliyyətə toxunan Elmar Əhmədov partiya sıralarında sağlam ideoloji mühitin formalaşdırılması, gənclərin fəallığının artırılması və dövlətçilik dəyərlərinin təbliği istiqamətində görülən işləri diqqətə çatdırıb.
Tədbirdə Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov çıxış edərək yaradılmasının 33 illiyi qeyd edilən rayon təşkilatının bütün üzvlərini təbrik edib, Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı əvəzsiz rolundan danışıb. O vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət siyasəti Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmlənməsini, iqtisadi inkişafını və milli maraqlarının etibarlı şəkildə təmin olunmasını şərtləndirib. Rəşad Cəbrayılov rayon təşkilatının da bu siyasətin yerli səviyyədə təbliği və həyata keçirilməsində fəal iştirak etdiyini qeyd edərək, yeni reallıqların qarşıya qoyduğu vəzifələrin bundan sonra da yüksək məsuliyyətlə yerinə yetiriləcəyinə əminliyini ifadə edib.
Tədbirdə həmçinin, YAP Salyan rayon təşkilatının 1999-2007-ci illərdə sədri vəzifəsində çalışmış, hazırda təqaüddə olan veteran üzvü Etibar Hüseynov, Salyan Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru, ərazi partiya təşkilatının sədri Yeganə Cəfərova, Baş Mil-Muğan Kollektorunun İstismarı İdarəsinin mühəndis-melioratoru, ərazi partiya təşkilatının sədr müavini Daşqın Cəbiyev və başqaları çıxış ediblər. Çıxışlarda Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli inkişaf yolundan, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, rayon təşkilatının ötən 33 il ərzində ictimai-siyasi həyatda fəal rolundan, partiya sıralarında formalaşan sağlam birlik və həmrəylik mühitindən bəhs olunub. Bildirilib ki, Yeni Azərbaycan Partiyası bundan sonra da xalqın etimadını doğruldaraq Azərbaycanın inkişafına və dövlətçiliyinin daha da möhkəmlənməsinə öz töhfələrini verməyə davam edəcək.
Sonra tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya veteranı və fəalına fəxri fərman, YAP sıralarına yeni qoşulmuş gənclərə isə üzvlük vəsiqələri təqdim edilib.
Tədbirə Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekun vurulub.