Erməni ixracatçılar Aİ bazarında gömrük əngəlləri ilə üzləşir – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Joqovurd" qəzetinin məlumatına görə, Ermənistanın kənd təsərrüfatı məhsullarını Avropa İttifaqı (Aİ) ölkələrinə ixrac edən yerli sahibkarlar və yükdaşıyıcılar ciddi bürokratik və gömrük əngəllərindən şikayətlənirlər. Sərhəd-keçid məntəqələrində yük maşınlarının uzunmüddətli yoxlanılması və günlərlə terminalda gözlədilməsi tez xarab olan kənd təsərrüfatı məhsullarının keyfiyyətinin itirilməsinə və ciddi maliyyə itkilərinə yol açır.

Ermənistanın Avropaya yönəlmə cəhdləri fonunda Rusiya bu ölkədən bitki və balıqçılıq məhsullarının idxalına məhdudiyyətlər qoyub. Rusiya Ermənistanın kənd təsərrüfatı ixracatının 90%-dən çoxunu təşkil etdiyi üçün erməni fermerlər böyük zərərə uğrayıblar. Alternativ bazar axtarışında olan İrəvana Aİ dəstək məqsədilə 52 milyon avro ayırıb və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen erməni məhsullarının böyük hissəsi üçün Aİ bazarının açıq olacağını bəyan edib. Lakin Baş nazir Nikol Paşinyan özü də etiraf edib ki, rüsumsuz ixrac qərarının qüvvəyə minməsi vaxt aparacaq və Aİ Ermənistana görə öz idxal prosedurlarını dəyişməyəcək. Ekspertlər Avropanın ayırdığı vəsaitin fermerlərin zərərini qarşılamadığını bildirir, beynəlxalq reytinq agentliyi "Fitch" isə Rusiya ilə iqtisadi münasibətlərin pisləşməsini Ermənistan iqtisadiyyatı üçün ciddi risk kimi qiymətləndirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31