Prezident İlham Əliyevin Ermənistanla sülh gündəliyinin irəlilədilməsi istiqamətində qətiyyətini yüksək qiymətləndirirəm - Fransa səfiri
21:01 SiyasətPrezident İlham Əliyevin Ermənistanla sülh gündəliyinin həyata keçirilməsi və irəlilədilməsi istiqamətində nümayiş etdirdiyi qətiyyəti və liderlik keyfiyyətlərini yüksək qiymətləndirirəm.
Olaylar xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Sofi Laqut Fransa Respublikasının Milli Günü münasibətilə Fransanın Bakıdakı səfirliyi tərəfindən təşkil olunan tədbirdə deyib.
"İlk növbədə, qeyd etmək istərdim ki, Azərbaycan təsirli şəkildə Bakını dünya xəritəsində mühüm mövqeyə çıxara bilib. Ölkə Formula 1 Qran-prisi, Ümumdünya Şəhər Forumu, Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı, Bakı Enerji Həftəsi, Bakı Təhlükəsizlik Forumu və digər iri beynəlxalq tədbirlərin aparıcı təşkilatçılarından biri kimi özünü təsdiqləyib. Bu tədbirlərin hər birində qlobal problemlərin əməkdaşlıq və dialoq yolu ilə həllinə töhfə verməyə çalışan yüksək səviyyəli Fransa nümayəndə heyətlərini burada salamlamaqdan məmnunluq duyurdum. Bu qədər mühüm diplomatik forumların keçirilməsi üçün lazımi şərait yaratdıqlarına görə Azərbaycan hakimiyyətinə təşəkkür edirəm", - deyə o bildirib.
Səfir vurğulayıb ki, regiondakı reallıqların dəyişmə sürəti onu heyran edir.
"Prezident İlham Əliyevin və bütün Azərbaycan rəsmilərinin Ermənistanla sülh gündəliyinin irəlilədilməsi və həyata keçirilməsi istiqamətində nümayiş etdirdiyi qətiyyəti və liderlik keyfiyyətlərini yüksək qiymətləndirirəm. Sülhün dividendlərini hiss olunan və görünən etmək üçün çox mühüm konkret addımlar atılıb. Mən, həmçinin Azərbaycanın bərpa olunmuş ərazilərə yönəltdiyi genişmiqyaslı səylərin və investisiyaların şahidi olmuşam. Qarabağ inkişaf edir - hətta bilirəm ki, Laçındakı süd kooperativi dadlı yerli məhsullar hazırlamaq məqsədilə fransız pendir ustalarından təlim alıb. Otuz illik əzab və kədərdən sonra Ermənistanla yenidən qurulan bu qonşuluq həm insanlararası münasibətlərdə, həm də iqtisadi sahədə yeni imkanlar açır. Fransa uzunmüddətli və geri dönməz sülhün təmin olunması, eləcə də Azərbaycanın Cənubi Qafqazın tam açılmasının yaratdığı bütün üstünlüklərdən tam şəkildə faydalanmasına kömək etmək üçün sizi dəstəkləməyə hazırdır", - deyə o əlavə edib.