Azərbaycan xalqının taleyində xüsusi yer tutan 14 İyul – ÖZƏL
17:57 Siyasət"Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəldiyi tarixi ehtiramla yad edirik. Bu tarix təkcə bir siyasi hadisə deyil, həm də müasir Azərbaycan dövlətçiliyinin möhkəm təməlinin qoyulduğu mühüm dönüş nöqtəsidir". Olaylar xəbər verir ki , bunu Milli Məclisin deputatı Jalə Əliyeva deyib:
"1969-cu il iyulun 14-də Heydər Əliyevin respublikaya rəhbər seçilməsi ilə Azərbaycanın inkişafında yeni mərhələ başlandı. Qısa müddət ərzində sənaye, kənd təsərrüfatı, elm, təhsil, mədəniyyət və sosial sahələrdə böyük nailiyyətlər əldə olundu. Azərbaycanın iqtisadi potensialı gücləndirildi, minlərlə yeni müəssisə yaradıldı, milli kadrların hazırlanmasına xüsusi diqqət yetirildi və xalqın gələcəyinə hesablanmış strateji inkişaf kursu müəyyən edildi.
Müstəqillik illərində isə ölkəmiz ağır sınaqlarla üzləşdi. Məhz belə bir dövrdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanı parçalanmaq və müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Dövlətçiliyimiz möhkəmləndirildi, ictimai-siyasi sabitlik təmin olundu, hüquqi və demokratik dövlət quruculuğunun əsası qoyuldu. "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycanın iqtisadi inkişafının təməli yaradıldı, ölkəmizin beynəlxalq nüfuzu yüksəldi.
Bu gün Ümummilli Liderin müəyyən etdiyi inkişaf strategiyası Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illərdə ölkəmiz hərtərəfli inkişaf yolu keçmiş, iqtisadi gücü və beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artmışdır. Ən böyük tarixi nailiyyət isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün tam bərpa olunması oldu. Bu Zəfər Heydər Əliyevin əsasını qoyduğu güclü dövlət siyasətinin məntiqi nəticəsi idi.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır, şəhər və kəndlər yenidən qurulur, keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdırlar. Azərbaycanın həyata keçirdiyi Böyük Qayıdış proqramı dövlətimizin gücünü, xalqımızın birliyini və gələcəyə inamını nümayiş etdirir.
Bütün bunlar göstərir ki, 14 iyul 1969-cu ildə başlanan inkişaf yolu bu gün də uğurla davam edir. Güclü dövlət, müasir ordu, dinamik iqtisadiyyat, beynəlxalq aləmdə artan nüfuz və azad Qarabağ - bunların hamısı Heydər Əliyev siyasi irsinin və onun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsidir.
Əminik ki, Azərbaycan bundan sonra da bu möhkəm təməl üzərində daha böyük uğurlara imza atacaq, dövlətimizin qüdrəti və xalqımızın rifahı daha da artacaq"