Şuşa Qlobal Media Forumu: Azərbaycan dünyanın diqqət mərkəzindədir- ÖZƏL

Bədəl Bədəlov
Milli Məclisin deputatı
Prezident

İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda qeyd etdiyi fikirlər Azərbaycanın qlobal miqyasda artan siyasi, iqtisadi və geostrateji rolunu bir daha nümayiş etdirir. Dövlət başçısının çıxışında enerji təhlükəsizliyi, yaşıl enerji, beynəlxalq nəqliyyat dəhlizləri, Çin və Avropa ilə əməkdaşlıq, həmçinin Cənubi Qafqazda formalaşan yeni reallıqlar və digər məsələlər kompleks şəkildə təqdim olunub. Şuşa artıq yalnız tarixi və mədəniyyət mərkəzi deyil, həm də beynəlxalq müstəvidə mühüm dialoq platformasına çevrilib.
Bu il Forumda 53 ölkədən 160 qonaq, o cümlədən 30 xəbər agentliyinin nümayəndələri, 60-dan artıq media qurumu, bu sahədə fəaliyyət göstərən 10 beynəlxalq təşkilat və təsisatın təmsil olunması tədbirin nüfuzunun davamlı şəkildə artdığını təsdiqləyir. Son dörd ildə 81 ölkədən 600-ə yaxın media nümayəndəsinin Şuşaya səfər etməsi Azərbaycanın təşəbbüsü ilə yaradılan bu platformanın artıq beynəlxalq media məkanında mühüm yer tutduğunu göstərir. Forumun əsas üstünlüyü yalnız aktual qlobal mövzuların müzakirəsi deyil, həm də xarici media nümayəndələrinin Qarabağda həyata keçirilən bərpa və quruculuq işlərini yerində müşahidə etmələridir. Bu faktorlar Azərbaycanın həqiqətlərinin beynəlxalq ictimaiyyətə birbaşa çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin çıxışında toxunduğu məsələlərdən biri Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu olub. Dövlətimizin başçısı bildirib ki, bu ildən etibarən Almaniya və Avstriyaya qaz ixracına başlamışıq. Bununla Azərbaycanın boru kəmərləri vasitəsilə qaz ixrac etdiyi ölkələrin sayı 16-ya çatıb və ölkəmiz bu göstəriciyə görə dünyada lider mövqedədir. Bu faktor dövlətimizin uzun illər ərzində həyata keçirdiyi enerji strategiyasının uğurunun növbəti təsdiqidir. Müasir geosiyasi şəraitdə Avropa üçün enerji mənbələrinin şaxələndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan isə etibarlı tərəfdaş kimi bu ehtiyacın qarşılanmasında mühüm rol oynayır. Avropa İttifaqına üzv olan bir sıra dövlətlərlə həm yeni qaz tədarükü, həm də mövcud ixrac həcmlərinin artırılması istiqamətində danışıqlar aparılır. Bu isə ölkəmizin enerji sektorunun qarşıdakı illərdə daha da genişlənəcəyinin göstəricisidir.
Prezident İlham Əliyev çıxışında yaşıl enerji sahəsində həyata keçirilən layihələrə də toxunub. Azərbaycanın 2032-ci ilədək bərpaolunan enerji üzrə 8 giqavat generasiya gücü yaratmaq hədəfi ölkənin enerji siyasətində keyfiyyətcə yeni mərhələnin başlanğıcını ifadə edir. Günəş və külək enerjisindən əldə olunacaq elektrik enerjisi hesabına milyardlarla kubmetr təbii qaza qənaət ediləcək və həmin qaz ixrac üçün əlavə resursa çevriləcək. Beləliklə, ölkə həm enerji təhlükəsizliyini möhkəmləndirəcək, həm də ixrac imkanlarını artıracaqdır. 
Forumda vurğulanan digər mühüm mesaj Cənubi Qafqazda yaranan yeni geosiyasi reallıqlarla bağlı idi. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan ilə Ermənistan arasında sülhün təmin olunması yeni imkanlar açır. Xüsusilə Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək TRIPP layihəsinin həyata keçirilməsi regionun nəqliyyat xəritəsini əsaslı şəkildə dəyişdirəcək. Bu layihə yalnız iqtisadi əlaqələri genişləndirməyəcək, həm də Cənubi Qafqazda etimadın, sabitliyin və əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcək. Dövlətimizin başçısı layihənin reallaşmasına göstərilən dəstəyə görə ABŞ Prezidenti Donald Trampa və onun komandasına təşəkkürünü ifadə edib. Bu faktor Azərbaycanın beynəlxalq tərəfdaşlarla qarşılıqlı etimada əsaslanan əməkdaşlığının yeni nəticələr verdiyini göstərən mühüm mesajlardan biri idi.
Dövlətimizin başçısının çıxışında qeyd edilən mühüm məsələlərdən biri də Azərbaycan-Çin münasibətlərinin dinamik inkişafı ilə bağlıdır. Son illərdə hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksələn münasibətlər artıq konkret iqtisadi nəticələr verməkdədir. Azərbaycanda fəaliyyət göstərən Çin şirkətlərinin sayı artır, investisiyalar genişlənir, iri infrastruktur layihələrində fəal iştirakları müşahidə olunur. Bu əməkdaşlıq nəqliyyat, logistika, sənaye, yüksək texnologiyalar və istehsal sahələrində yeni imkanlar yaradır. Çin şirkətləri ilə əməkdaşlığın əsas üstünlüklərindən biri qəbul edilən qərarların qısa müddətdə praktik nəticəyə çevrilməsidir. Bu yanaşma iri layihələrin vaxtında icrasına, investisiyaların sürətlə reallaşdırılmasına və iqtisadi səmərəliliyin artırılmasına imkan yaradır. Azərbaycan ilə Çin arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın başlanması da mühüm strateji yenilik kimi diqqət çəkir. Artıq müəyyən hərbi məhsulların Azərbaycana tədarük olunması və əməkdaşlığın genişləndirilməsi iki ölkə arasında etimadın yeni səviyyəyə yüksəldiyini nümayiş etdirir. Bu əməkdaşlıq hərbi-texniki potensialın gücləndirilməsi ilə yanaşı, müdafiə sənayesində yeni texnologiyaların tətbiqinə də şərait yaradır. Prezident İlham Əliyev çıxışında qeyd edib: "Mənim keçən il Çin Xalq Respublikasına dövlət səfərimdən və hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatın imzalanmasından sonra bütün sahələrin, - siyasi, iqtisadi, nəqliyyat, - hamısında qarşılıqlı fəaliyyətin əhəmiyyətli dərəcədə fəallaşması müşahidə olunub".
Prezident İlham Əliyevin vurğuladığı məsələlərdən biri də Orta Dəhlizin inkişafı ilə əlaqədardır. Çindən və Mərkəzi Asiyadan Azərbaycana daxil olan yüklərin həcmi sürətlə artır. Bu səbəbdən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürmə qabiliyyətinin təxminən iki dəfə artırılması nəzərdə tutulur. Azərbaycanın yerləşdiyi əlverişli coğrafi mövqe onu Avropa ilə Asiya arasında ən mühüm tranzit mərkəzlərindən birinə çevirir.
Azərbaycan müasir dünyanın çağırışlarına uyğun çoxşaxəli inkişaf modeli həyata keçirir. Enerji təhlükəsizliyindən yaşıl keçidə, beynəlxalq nəqliyyat dəhlizlərindən rəqəmsal iqtisadiyyata, Avropa, ABŞ və Çinlə əməkdaşlıqdan regional sülh təşəbbüslərinə qədər bütün istiqamətlər vahid strateji baxışın tərkib hissəsidir. Bu gün Azərbaycan etibarlı enerji təchizatçısı, mühüm logistika mərkəzi, yaşıl enerji tərəfdaşı, konstruktiv diplomatiya tərəfdarı və qlobal əməkdaşlığa töhfə verən məsuliyyətli dövlət kimi beynəlxalq nüfuzunu davamlı şəkildə gücləndirir. IV Şuşa Qlobal Media Forumu isə bu siyasətin dünyaya təqdim olunduğu ən mühüm beynəlxalq platformalardan biri kimi öz əhəmiyyətini daha da artırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31