"Avropa Şurası ikili standartlardan əl çəkmir" – ŞƏRH – ÖZƏL

"Avropa Şurasının qəbul etdiyi qətnamələrin, məsələn, Azərbaycanla bağlı qəbul etdiyi qətnamələrin hamısını ədalətli hesab etmək mümkün deyil. Çünki burada elə qətnamələr var ki, onlar birbaşa qərəzli yanaşmanın nəticəsidir. Azərbaycan həm işğal dövrünü, həm də qalibiyyət dövrünü yaşayıb. Belə bir vəziyyətdə Avropa Şurasının Azərbaycanla bağlı tutduğu mövqe də hər kəsə məlumdur. Xüsusilə də Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı dövründə Avropa Şurası ciddi məzmunlu qərarlar qəbul etmədi".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Samir Hümbətov deyib: "Bəs həmin ərazilərdən qaçqın və məcburi köçkün düşən insanların hüquqları necə? Onların da hüquqları pozulmuşdu. Axı onlar da insandır. Bəs niyə Avropa Şurası onların hüquqlarının pozulmasına ciddi reaksiya vermirdi? Belə çıxır ki, Avropa Şurası yalnız özünə sərf edən məsələlərdə qərar qəbul etməyə çalışır. Əgər belədirsə, bu artıq qərəzli yanaşma kimi qiymətləndirilə bilər. Belə olan halda isə tərəflərin mövqelərində fərqlərin yaranması təbiidir".

Ekspert bildirib ki, əgər Azərbaycan Avropa Şurasının üzvü kimi qəbul edilirsə və Avropa İnsan Hüquqları Məhkəməsində təmsil olunursa, o zaman Azərbaycanın hüquq sisteminə də Avropada lazımi yer verilməlidir. Azərbaycanı təcrid etmək, daha sonra isə ondan hansısa öhdəliklər gözləmək düzgün yanaşma hesab oluna bilməz. Belə bir şəraitdə Azərbaycan Avropa Şurasından çıxmağı da planlaşdıra bilər. Bu isə, fikrimcə, təkcə Azərbaycan üçün deyil, Avropa üçün də müəyyən nəticələr doğura bilər. Ümumiyyətlə, Azərbaycan artıq Avropanın bir çox ölkələri ilə strateji əməkdaşlıq müqavilələri imzalayıb və həmin dövlətlərlə ikitərəfli münasibətlərini uğurla inkişaf etdirir. Bu gün Slovakiya prezidentinin Azərbaycana səfəri də bunun açıq nümunəsidir. Bu onu göstərir ki, Avropa Şurası olsa da, olmasa da, Azərbaycanla Avropa dövlətləri arasında münasibətlər öz məcrasında davam edir, hətta daha da inkişaf edir. Əgər bu münasibətlər inkişaf edirsə, Azərbaycan üçün əsas prioritet də məhz həmin dövlətlərlə əlaqələrin genişləndirilməsi və dərinləşdirilməsidir. Belə olan halda, Avropa Şurasının qərəzli mövqeyi ilə razılaşmaq üçün əsas yoxdur. Ona görə də hesab edirəm ki, bu məsələdə Azərbaycanın mövqeyi kifayət qədər aydın və açıqdır.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31