Hörmüz boğazında 20 faizlik rüsum: Geosiyasi risklər neftin qiymətini hara aparır? – ÖZƏL
16:25 SiyasətABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının İranla və ya İransız açıq qalacağını bəyan edərək, bu ölkəyə qarşı dəniz blokadasının bərpa olunduğunu bildirib. Onun sözlərinə görə, digər dövlətlər boğazdan sərbəst istifadə edə bilsələr də, təhlükəsizliyin təmin edilməsi xərclərini qarşılamaq məqsədilə ABŞ ərazidən keçən bütün yüklərin dəyərinin 20 faizi həcmində rüsum tutmağa başlayacaq. Tramp rəsmi Vaşinqtonun bundan sonra Hörmüz boğazının əsas qoruyucusu kimi çıxış edəcəyini və yeni qaydaların dərhal qüvvəyə minəcəyini vurğulayıb.
Maraqlıdır, 20%-lik rüsum qlobal enerji bazarlarına və neftin qiymətinə necə təsir edəcək?
"Hörmüz boğazından keçən yüklərə dəyərinin 20 faizi həcmində ödənişin tətbiq edilməsi ilə bağlı açıqlama verilsə də, rüsumun hansı hüquqi mexanizmlə, kimdən və necə alınacağı hələ açıqlanmayıb. Beynəlxalq dənizçilik normaları mövcuddur və məhz bu normalar baxımından düşünürəm ki, bu qərarın hüquqi əsasları yoxdur. Bu baxımdan, prosesin nə dərəcədə reallaşıb-reallaşmayacağı sual altındadır. Bu, məsələnin birinci tərəfidir".
Bu sözləri Olaylar.az-a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib. İqtisadçının sözlərinə görə, ikinci tərəfi isə ondan ibarətdir ki, bu, neftin qiymətinə avtomatik olaraq 20 faiz əlavə olunacağı anlamına gəlmir. Çünki burada yenə də mexanizmlər, tətbiq qaydaları və bir çox digər faktorlar var. Məsələn, 80 dollarlıq bir barel neftə bu rüsum tam şəkildə tətbiq olunsa, nəzəri olaraq 16 dollar, yəni 20 faiz təşkil edir. Amma bu, neftin qiymətinin avtomatik olaraq 96 dollara yüksələcəyi demək deyil. Çünki nəticə bir neçə amildən asılı olacaq. Birincisi, rüsumun faktiki olaraq tətbiq edilib-edilməyəcəyi hələ də sual altındadır. İkincisi, bu ödənişi ixracatçının, gəmi sahibinin, sığortaçının, yoxsa alıcının edəcəyi də məlum deyil. Bundan başqa, bəzi ölkələr və ya müəyyən növ yüklər üçün istisnaların tətbiq ediləcəyi ehtimalı böyükdür. İranın buna reaksiyasının necə olacağı və proseslərin hansı istiqamətdə inkişaf edəcəyi də qiymətlərə təsir göstərəcək əsas amillərdəndir.
Ekspert bildirib ki, amma bütün hallarda, bu, kifayət qədər riskli və neft qiymətlərinə ciddi təsir göstərə biləcək bir açıqlamadır. Belə hallarda qlobal iqtisadiyyatda "geosiyasi risk əlavəsi" anlayışı var. Yəni məhsulun qiymətinin tərkibinə avtomatik olaraq geosiyasi risk faktoru daxil edilir və bu da birbaşa qiymətlərə təsir göstərir. Digər tərəfdən, əgər ABŞ həqiqətən də bölgədə təhlükəsizliyi təmin edə bilsə, daşıma və xüsusilə də sığorta xərcləri müəyyən qədər sabitləşə bilər. Burada əsas məsələ daşınmanın özünün sığortalanmasıdır. ABŞ bu 20 faizlik ödənişi almaqla müəyyən mənada risklərin də sığortalanmasını təmin etmiş olur. Bu isə sığorta xərclərinin müəyyən qədər azalmasına səbəb ola bilər. Digər tərəfdən isə 20 faizlik ödəniş qiymətlər üzərində artım təzyiqi yarada bilər. Buna görə də "neftin qiyməti avtomatik olaraq 20 faiz artacaq" kimi bir nəticə çıxarmaq düzgün olmaz.
"Təbii ki, neft qiymətlərinin artması neft ixrac edən ölkələr üçün müəyyən fürsətlər yaradır. Belə ölkələr əlavə gəlir və əlavə maliyyə vəsaiti əldə edirlər. Bu, danılmaz faktdır. Düzdür, uzunmüddətli perspektivdə neftin bahalaşması inflyasiya təzyiqini artırır və idxaldan asılı ölkələrdə qiymət artımını sürətləndirir. Amma ümumilikdə götürdükdə, neft qiymətlərinin yüksəlməsi, hazırkı şəraitdə Körfəz ölkələri istisna olmaqla, digər neft ixracatçısı ölkələr üçün əlverişli imkan yaradır", - deyə iqtisadçı əlavə edib.
Səidə Ramazanova