Güclü dövlətçiliyə aparan yolun başlanğıcı- ÖZƏL
15:35 Siyasət"14 iyul 1969-cu il Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtələrindən biri kimi tarixə həkk olunmuşdur. Həmin gün Ulu Öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlməsi ilə respublikanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafında yeni mərhələnin əsası qoyuldu. Olaylar xəbər verir ki , bunu Milli Məclisin deputatı Əli Hüseynli deyib:
"Ümummilli Liderin uzaqgörən rəhbərliyi ilə sənaye, kənd təsərrüfatı, elm, təhsil və mədəniyyət sahələrində həyata keçirilən ardıcıl tədbirlər ölkənin inkişaf potensialını əhəmiyyətli dərəcədə artırdı, milli kadr hazırlığına xüsusi önəm verildi, idarəetmədə peşəkarlıq prinsipləri gücləndirildi. Məhz həmin illərdə formalaşan iqtisadi və intellektual potensial sonrakı dövrdə müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğu prosesində mühüm rol oynadı.
1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev müstəqilliyimizin qorunmasını, dövlətçiliyimizin möhkəmləndirilməsini və hüquqi, demokratik dövlət quruculuğunu təmin etdi. Onun müəyyən etdiyi inkişaf strategiyası bu gün də Azərbaycan Respublikasının davamlı tərəqqisinin əsas istiqamətlərindən biri kimi qiymətləndirilir.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyevin ideyalarına əsaslanan dövlətçilik siyasəti uğurla davam etdirilir, Azərbaycanın beynəlxalq nüfuzu möhkəmlənir, iqtisadi qüdrəti artır, ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuş ölkəmiz yeni inkişaf mərhələsinə inamla qədəm qoyur.
Bu əlamətdar gün münasibətilə ümummilli lider Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edir, onun zəngin dövlətçilik irsinin gələcək nəsillər üçün etibarlı yol xəritəsi olaraq qalacağına əminliyimi ifadə edirəm".