Şuşadan Vaşinqtona mühüm mesajlar: "907-ci düzəliş" ləğv ediləcəkmi? – ÖZƏL
15:27 SiyasətPrezident İlham Əliyev Şuşa Qlobal Forumundakı çıxışında ABŞ ilə münasibətlərin keyfiyyətcə yeni, strateji tərəfdaşlıq mərhələsinə qədəm qoyduğunu bəyan edib. Dövlət başçısı 2025-ci ilin avqustunda ABŞ-yə reallaşan tarixi səfəri, vitse-prezident Cey Di Vensin Bakı səfərini və Prezident Donald Trampın regional sülhə töhfələrini yüksək qiymətləndirib. Şuşadan mühüm mesajlar verən ölkə rəhbəri, Azərbaycanın Ermənistana qarşı bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırdığını xatırladaraq, ABŞ Konqresini geosiyasi reallıqları qəbul etməyə və ayrı-seçkilik xarakterli "907-ci düzəliş"i tamamilə ləğv etməyə çağırıb.
Prezidentin Vaşinqtonla bağlı səsləndirdiyi strateji mesajlar ikitərəfli əlaqələrin gələcəyinə necə təsir edəcək? ABŞ Konqresi geosiyasi reallıqları qəbul edərək "907-ci düzəliş"i tamamilə ləğv edəcəkmi?
"Amerika Birləşmiş Ştatları Azərbaycan torpaqları işğal altında olarkən Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirən, "907-ci düzəliş" kimi tanınan bədnam qərarı qəbul etmişdi. Həmin düzəlişin müəlliflərindən biri keçmiş dövlət katibi Con Kerri, digəri isə ABŞ-nin keçmiş prezidenti Co Bayden idi".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Siyasi şərhçi bildirib ki, Bayden administrasiyası dövründə ABŞ tərəfindən Azərbaycana qarşı kifayət qədər qərəzli mövqe nümayiş etdirilirdi və Azərbaycanın haqlı mövqeyi sanki haqsız kimi təqdim olunmağa çalışılırdı. Azərbaycana qarşı mənfi xarakterli qərarlar qəbul edilir, ümumilikdə isə ölkəmizə münasibətdə qərəzli siyasət aparılırdı. Bayden administrasiyası dövründə bunun dəfələrlə şahidi olduq. Azərbaycan öz torpaqlarını azad edərkən haqlı mübarizə aparmasına baxmayaraq, ABŞ-nin Azərbaycana qarşı qərəzli mövqeyi açıq şəkildə hiss olunurdu. Bu isə ABŞ-Azərbaycan münasibətlərinə ciddi xələl gətirdi, ikitərəfli əlaqələrin zəifləməsinə və müəyyən mənada dondurulmasına səbəb oldu. Nəticədə münasibətlərin inkişafı baxımından vaxt itkisi yaşandı. Artıq Donald Tramp administrasiyası dövründə biz münasibətlərdə müsbət mərhələnin şahidi oluruq. İstər vitse-prezident Ceyms Devid Vensin səfəri, istərsə də Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda, Ağ Evdə, Oval kabinetdə Donald Trampla görüşü bunu göstərir. Həmin görüş zamanı sülh sazişinin paraflanması məsələsinin müzakirə olunması, eyni zamanda ABŞ ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə inkişaf etdirilməsi istiqamətində atılan addımlar onu göstərir ki, Azərbaycan-ABŞ münasibətləri yeni mərhələyə qədəm qoyub.
"Hazırda çox əlverişli tarixi fürsət yaranıb. Düşünürəm ki, 907-ci düzəlişin tamamilə ləğv edilməsi üçün kifayət qədər güclü tarixi əsaslar formalaşıb. Böyük ehtimalla ABŞ Konqresi də bu tarixi fürsəti dəyərləndirərək həmin düzəlişi birdəfəlik ləğv edəcək. Bu isə Azərbaycan ilə ABŞ arasında münasibətlərdə yeni mərhələnin başlanğıcı olacaq", - deyə ekspert əlavə edib.
Səidə Ramazanova