IV Şuşa Qlobal Media Forumu Azərbaycanın beynəlxalq informasiya məkanında mövqeyini gücləndirən mühüm tədbirdirə çevrildi- ÖZƏL

Şuşa Qlobal Media Forumu Azərbaycanın təşəbbüsü ilə keçirilən, müxtəlif ölkələrdən jurnalistləri, media rəhbərlərini, ekspertləri və rəsmi şəxsləri bir araya gətirən beynəlxalq platformadır. Forumun əsas məqsədi qlobal informasiya mühiti, media çağırışları, dezinformasiya ilə mübarizə, rəqəmsal transformasiya və beynəlxalq əməkdaşlıq məsələlərinin müzakirəsidir. Eyni zamanda forum Azərbaycanın xarici siyasət prioritetlərini və regional baxışını beynəlxalq media nümayəndələrinə birbaşa çatdırmaq baxımından mühüm əhəmiyyət daşıyır.
Forumunun siyasi əhəmiyyəti bir neçə istiqamətdə dəyərləndirilə bilər. Şuşanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi Azərbaycanın bölgədə suverenliyinin və dövlət idarəçiliyinin möhkəmlənməsinin nümayişi kimi qiymətləndirilir.
Forum müxtəlif ölkələrin media nümayəndələri ilə açıq dialoq platforması yaratmaqla Azərbaycanın mövqeyinin beynəlxalq auditoriyaya çatdırılmasına xidmət edir.
Regional və qlobal geosiyasi proseslər fonunda Azərbaycanın xarici siyasət kursu, iqtisadi və enerji layihələri barədə birbaşa məlumatlandırma imkanı yaradır.
İnformasiya təhlükəsizliyi, saxta xəbərlərlə mübarizə və media məsuliyyəti kimi məsələlərin müzakirəsi müasir dövrdə dövlətlərin milli təhlükəsizlik gündəliyinin tərkib hissəsi kimi təqdim edilir.
İyulun 13-də  ənənəvi olaraq növbəti - IV Şuşa Qlobal Media Forumunda 53 ölkədən 160 qonaq, o cümlədən 30 xəbər agentliyinin nümayəndələri, 60-dan artıq media qurumu, bu sahədə fəaliyyət göstərən 10 beynəlxalq təşkilat və təsisat təmsil olunmuşdur. 2 gün davam edən Forumun "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusuna müraciət etməsi  təsadüfi deyil. Azərbaycan-Ermənistan sülh prosesinin davam etdiyi bir dövrdə medianın həqiqətin bərpası və etimadın yenidən qurulmasındakı rolunun önə çəkilməsi, Bakının region üçün informasiya müharibəsindən sülh kommunikasiyasına keçid strategiyasını əks etdirir.
Forumun açılışinda çıxış edən və media nümayəndələrinin çeşidli suallarını cavablandıran Prezident İlham Əliyev bundan əlavə digər ən müxtəlif mövzular ətrafında fikirlərini bölüşmüşdür. Ölkə rəhbəri xüsusilə milli təhlükəsizliyin artıq yalnız hərbi amillərlə məhdudlaşmadığını, informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik, iqtisadi dayanıqlıq və enerji təhlükəsizliyinin də dövlət təhlükəsizliyinin əsas elementlərinə çevrildiyini vurğulamışdır.
Dezinformasiya və informasiya müharibəsinin yeni təhlükə mənbələri olması, milli maraqların müdafiəsində müstəqil xarici siyasətin əhəmiyyəti, güclü iqtisadiyyatın və hərbi potensialın təhlükəsizliyin əsas dayaqları olması və regionda davamlı sülhün Azərbaycanın strateji məqsədlərindən biri kimi təqdim edilməsi əsas məqamlar sırasındadır.
Cənab İlham Əliyev Azərbaycanın dəyişən beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi mövqeyini xüsusi qeyd etmişdir. O, bu çərçivədə vurğulanan əsas meyarlar kimi tarazlaşdırılmış xarici siyasət kursunu, ölkəmizin heç bir hərbi blokda iştirak etməməsini, müxtəlif güc mərkəzləri ilə qarşılıqlı hörmət prinsipi əsasında əməkdaşlıq prinsipini, regional sabitliyin təmin olunmasını ön plana çəkmişdir.
Prezident İlham Əliyev ümumilikdə dünyada baş verən siyasi kataklizmlər, və hərbi qarşıdurmalar şəraitində Azərbaycanın təkcə Avropanın deyil, həmçinin Asiya ölkələrinin enerji təhlükəsizliyində əhəmiyyətinin son illərdə daha da artdığını bildirmişdir. Azərbaycan 18 ölkəyə qaz ixrac edir ki, onların 14-ü Avropa Birliyinin üzvüdür. Bu gün ölkəmiz həm neft, həm də qaz ixracatçısı olmaqla yanaşı, gələcəkdə yaşıl enerji ixrac edən ölkələrdən birinə çevrilməyi hədəfləyir.
Dövlətimizin başçısı Azərbaycanın Avrasiyanın əsas logistika mərkəzlərindən birinə çevrildiyini xüsusi qeyd etmişdir. Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizi və  Zəngəzur layihəsinin də daxil olduğu  Orta Dəhlizdə müstəsna əhəmiyyətli mövqeyə malik olan Azərbaycan Avropa ilə Asiyanın qarşılıqlı inteqrasiyasına, yükdaşımaların sürətləndirilməsinə, iqtisadi əməkdaşlığın genişlənməsinə, ölkəmizin tranzit gəlirlərinin artmasına və beynəlxalq səviyyədə geosiyasi nüfuzunun yüksəlməsinə mühüm töhfələr verməkdədir.
Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq təşkilatlarla qarşılıqlı münasibətlərindən danışarkən xüsusilə Avropa Şurası və Avropa İttfaqı ilə əlaqələri ölkəmizin bu iki institutla əlaqələrinin müqayisəsi kontekstində təhlilini vermişdir. Prezident Avropa İttifaqı ilə daha çox iqtisadi və enerji əməkdaşlığını ön plana çıxararkən, Avropa Şurası ilə münasibətlərdə siyasi fikir ayrılıqlarının mövcudluğunu vurğulamış, son zamanlar Avropa İttifaqı ilə münasibətlərin pozitiv dinamikasını qeyd etməklə yanaşı Avropa Şurası ilə bağlı mövqeyini də açıq şəkildə ifadə etmişdir.
Cənab İlham Əliyev  AŞPA-nın bəzi qərar və yanaşmaların siyasi xarakter daşıdığını, Azərbaycanın milli maraqlarına uyğun olmadığını bildirmiş və xüsusilə Qarabağ Zəfərini həzm edə bilmədiklərinə görə təşkilat daxilində ölkəyə münasibətdə ikili standartların davamlı şəkildə tətbiq olunduğu səbəbindən ölkəmizin, ümumiyyətlə, bu təsisatla bütün əlaqələrini kəsə biləcəyi barədə mesaj vermişdir.
Dövlətimizin başçısı beynəlxalq münasibətlər müstəvisində həm qərb, həm də şərq vektorlarının tarazlı şəkildə inkişaf etdirilməsinin tərəfdarı oduğunu dilə gətirərək son dövrlər strateji tərəfdaşlığın yeni nümunələri kimi bir tərəfdən ABŞ, digər tərəfdən isə Çin kimi regional güç mərkəzləri ilə bir sıra mühüm istiqamətlər üzrə qarşılıqlı münasibətlərin qarşılıqlı hörmət və bərabərhüquqluluq prinsipləri əsasında pozitiv dinamikasını diqqətə çatdırmışdır. ABŞ ilə bağlı ölkə arasında münasibətlərdə qarşılıqlı maraqların mövcud olduğunu qeyd etmişdir.
Beləliklə, IV Şuşa Qlobal Media Forumu Azərbaycanın beynəlxalq informasiya məkanında mövqeyini gücləndirən mühüm tədbirdirə çevrildi. Prezident İlham Əliyevin forumdakı çıxışı və jurnalistlərin suallarına cavabları Azərbaycanın xarici siyasət prioritetlərini, milli təhlükəsizlik strategiyasını və geosiyasi baxışını aydın şəkildə əks etdirən yol xəritəsidir.
Müzakirə olunan mövzular isə forumun əsas siyasi mesajlarını formalaşdıraraq Azərbaycanın regional və qlobal proseslərdə özünü etibarlı tərəfdaş və mühüm geosiyasi aktor kimi təqdim etməsi baxımından önəmli yer tutur.

Əli Hüseynli
Milli Məclisin deputatı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31