Dövlətçilik tariximizin dönüş nöqtəsi- ÖZƏL
11:49 Siyasət"14 iyul 1969-cu il Azərbaycan dövlətçilik tarixində xüsusi əhəmiyyətə malik bir gündür. Ulu Öndər Heydər Əliyevin həmin gün respublikaya rəhbər seçilməsi ölkəmizin gələcək inkişaf istiqamətini müəyyənləşdirən mühüm dönüş nöqtəsi oldu. Bu tarixdən etibarən Azərbaycanın iqtisadi, sosial, elmi və mədəni həyatında genişmiqyaslı yenilənmə prosesi başlandı, dövlət idarəçiliyində peşəkarlıq və strateji yanaşma əsas prinsipə çevrildi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclısin deputatı Ceyhun Məmmədov deyib: "Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində sənaye və kənd təsərrüfatı inkişaf etdi, elm və təhsilə xüsusi diqqət göstərildi, milli kadr potensialının formalaşdırılması istiqamətində mühüm addımlar atıldı. Gənclərin nüfuzlu ali məktəblərdə təhsil alması, peşəkar mütəxəssislərin yetişdirilməsi və milli hərbi kadr hazırlığının gücləndirilməsi Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaratdı.
Müstəqilliyimizin ilk illərində ölkəmizin üzləşdiyi ağır siyasi böhran şəraitində Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyini ciddi təhlükələrdən xilas etdi. Ölkədə sabitlik bərpa olundu, hüquqi dövlət quruculuğunun əsası möhkəmləndirildi, iqtisadi islahatlar həyata keçirildi və Azərbaycanın beynəlxalq mövqeyi əhəmiyyətli dərəcədə gücləndi. Uzaqgörən enerji strategiyasının təməlini qoyan "Əsrin müqaviləsi" isə ölkəmizin uzunmüddətli inkişafında mühüm rol oynadı.
Bu gün Ulu Öndərin müəyyən etdiyi inkişaf yolu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam təmin olunması, Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirilməsi, ölkəmizin beynəlxalq nüfuzunun daha da artması bu siyasətin uğurlu nəticələrinin bariz nümunəsidir.
14 iyul 1969-cu ildən başlanan inkişaf yolu bir daha göstərir ki, güclü dövlətçilik möhkəm təməllər, uzaqgörən liderlik və milli maraqlara söykənən siyasət üzərində qurulur. Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsi bu gün də Azərbaycanın davamlı inkişafının əsas ideya mənbələrindən biri olaraq qalır".