IV Şuşa Qlobal Media Forumun miqyası Azərbaycanın beynəlxalq nüfuzunun real göstəriciləridir- ÖZƏL
11:12 Siyasət"Tarix bəzən elə məkanlar yaradır ki, həmin ünvanlar yalnız xəritədə görünən şəhər olaraq qalmır, bütöv bir dövlətin siyasi iradəsini, milli yaddaşını və gələcəyə baxışını ifadə edən simvola çevrilir. Şuşa artıq məhz belə şəhərlər sırasında yer alır. Bir vaxtlar işğalın ağrılarını yaşayan bu qədim Azərbaycan şəhəri bu gün beynəlxalq siyasi dialoqun, qlobal media müzakirələrinin və yeni geosiyasi yanaşmaların formalaşdığı mühüm platformadır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sadiq Qurbanov deyib:
"IV Şuşa Qlobal Media Forumu da bu baxımdan təkcə media nümayəndələrinin görüşü yox, müasir beynəlxalq münasibətlər sistemində Azərbaycanın baxışlarının təqdim olunduğu strateji platforma kimi yadda qaldı. Burada səslənən fikirlər cari hadisələrin qiymətləndirilməsi ilə məhdudlaşmırdı. Hər tezisin arxasında son iyirmi ildən artıq müddətdə formalaşan dövlət strategiyası, regional əməkdaşlıq modeli və qlobal proseslərə baxış dayanırdı.
Forumun miqyası Azərbaycanın beynəlxalq nüfuzunun real göstəricilərindən biri kimi diqqəti cəlb edir. 53 ölkədən media rəhbərlərinin, xəbər agentliklərinin, beynəlxalq təşkilatların və analitik mərkəzlərin nümayəndələrinin Şuşada toplaşması təsadüfi hadisə sayıla bilməz. Müasir dünyada informasiya siyasi gücün əsas elementlərindən biridir. Həqiqət uğrunda mübarizə artıq döyüş meydanlarında yox, informasiya məkanında aparılır. Azərbaycan da məhz bu reallığı nəzərə alaraq Qarabağı dünyanın aparıcı media nümayəndələrinin gözü ilə göstərməyi üstün tutur.
İllərlə müxtəlif dairələr Qarabağ haqqında həqiqətləri gizlətməyə, saxta təsəvvür formalaşdırmağa çalışırdı. Bu gün isə həmin jurnalistlər özləri dağıdılmış şəhərlərin necə dirçəldiyini, yeni yaşayış məntəqələrinin necə salındığını, insanların doğma yurdlarına necə qayıtdığını müşahidə edirlər. İnformasiya siyasətində bundan güclü arqument təsəvvür etmək çətindir.
Forum zamanı xüsusi yer tutan məsələlərdən biri də Azərbaycanın nəqliyyat və logistika strategiyası idi. Son illər dünya siyasətində baş verən dəyişikliklər beynəlxalq ticarət marşrutlarını tamamilə yeni mərhələyə çıxarıb. Ənənəvi yolların təhlükəsizliyi ilə bağlı yaranan suallar yeni alternativlərin əhəmiyyətini artırır. Belə bir şəraitdə Azərbaycan uzun illər əvvəl müəyyən etdiyi inkişaf kursunun nə qədər uzaqgörən olduğunu nümayiş etdirir.
Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən nəqliyyat dəhlizləri artıq yalnız iqtisadi layihələr kimi qiymətləndirilmir. Bu marşrutlar siyasi sabitliyin, etibarlı tərəfdaşlığın və regional əməkdaşlığın əsas dayaqlarına çevrilib. Azərbaycanın həyata keçirdiyi dəmir yolu, avtomobil yolu, liman və logistika layihələri bu gün Avrasiyanın iqtisadi xəritəsində mühüm yer tutur. Dünyada yaranan yeni geosiyasi vəziyyət isə ölkəmizin tranzit imkanlarını daha da aktuallaşdırır.
Azərbaycanın enerji siyasəti də Forumun əsas mövzularından biri oldu. Son illərdə Avropada enerji təhlükəsizliyi məsələsinin qlobal gündəliyin ilk sıralarına yüksəlməsi Azərbaycanın strateji əhəmiyyətini daha da artırıb. Etibarlı tərəfdaş imici uzun illər ərzində formalaşan siyasi etimadın nəticəsidir. Məhz buna görə Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyində aparıcı mövqelərdən birini tutur.
Bununla yanaşı, yaşıl enerji sahəsində həyata keçirilən irimiqyaslı layihələr ölkənin gələcək inkişaf modelini də müəyyənləşdirir. Qarabağ və Şərqi Zəngəzurun "yaşıl enerji zonası" elan olunması, günəş və külək elektrik stansiyalarına yönələn sərmayələr göstərir ki, Azərbaycan yalnız mövcud resurslara arxalanmır, gələcəyin enerji xəritəsini də indidən qurur.
Forumun mühüm siyasi istiqamətlərindən biri Azərbaycan-Türkiyə münasibətlərinə verilən qiymət idi. Dünyada strateji tərəfdaşlıq anlayışı çox işlədilir. Lakin bu anlayışın praktik nümunələrindən biri məhz Bakı ilə Ankara arasında formalaşmış münasibətlərdir. Şuşa Bəyannaməsi iki qardaş dövlət arasında münasibətləri yeni mərhələyə yüksəltməklə yanaşı, Cənubi Qafqazın təhlükəsizlik arxitekturasını müəyyən edən əsas sənədlərdən birinə çevrilib. Ortaya qoyulan siyasi həmrəylik artıq təkcə region daxilində yox, beynəlxalq münasibətlər sistemində də mühüm amil kimi qəbul olunur.
Forum zamanı beynəlxalq münasibətlərdə müşahidə olunan ikili yanaşmalara da geniş yer ayrıldı. Son illər baş verən hadisələr göstərir ki, beynəlxalq hüququn tətbiqi çox vaxt siyasi maraqlardan asılı vəziyyətə salınır. Eyni hadisəyə müxtəlif ölkələr üçün fərqli münasibətin sərgilənməsi beynəlxalq institutların nüfuzuna ciddi təsir göstərir. Azərbaycan isə öz suveren hüquqlarını təmin etməklə regionda tamamilə yeni siyasi reallıq formalaşdırdı. Bu reallıq artıq təkcə Cənubi Qafqazın yox, bütövlükdə Avrasiya məkanının siyasi gündəliyinin ayrılmaz hissəsidir.
Forumun diqqət çəkən məqamlarından biri də Azərbaycanın beynəlxalq vasitəçilik imkanlarının genişlənməsi ilə bağlı idi. Son illərdə ölkəmiz müxtəlif platformalarda dialoqun təşviqi, qarşıdurmaların yumşaldılması və əməkdaşlıq mühitinin formalaşdırılması istiqamətində mühüm təşəbbüslərlə çıxış edir. Qoşulmama Hərəkatına uğurlu sədrliyi, COP29 kimi qlobal tədbirə ev sahibliyi və müxtəlif beynəlxalq formatlarda oynadığı rol bu siyasətin ardıcıl xarakter daşıdığını göstərir.
Müasir dövrdə dövlətlərin nüfuzu artıq yalnız iqtisadi göstəricilər və ya hərbi imkanlarla müəyyən olunmur. Etibarlı tərəfdaş olmaq, verdiyi sözə sahib çıxmaq, uzunmüddətli strategiya qurmaq, məsuliyyət nümayiş etdirmək və beynəlxalq etimad qazanmaq da güc anlayışının əsas tərkib hissəsinə çevrilib. Azərbaycan son illərdə məhz bu keyfiyyətləri ilə fərqlənən dövlət kimi tanınır.
Şuşadan səslənən mesajlar həm də yeni dünya nizamına dair baxışların ifadəsi idi. Regional əməkdaşlıq, enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları, informasiya siyasəti, milli maraqların qətiyyətlə müdafiəsi və beynəlxalq hüquqa söykənən münasibətlər sistemi Azərbaycanın gələcək fəaliyyət istiqamətlərini müəyyən edən əsas prinsiplər kimi ön plana çıxdı.
IV Şuşa Qlobal Media Forumu bir daha təsdiqlədi ki, Şuşa artıq yalnız Zəfərin şəhəri yox, siyasi ideyaların formalaşdığı, qlobal müzakirələrin aparıldığı və Azərbaycanın gələcəyə baxışının dünyaya təqdim olunduğu nüfuzlu beynəlxalq mərkəzdir. Buradan verilən mesajlar təkcə bugünkü reallıqları əks etdirmir. Həmin mesajlar yaxın onilliklərin geosiyasi proseslərinə istiqamət verən strateji baxışın tərkib hissəsi kimi xüsusi əhəmiyyət daşıyır".