14 iyul — böyük inkişaf yolunun başlanğıcıdır
11:07 Siyasət"14 iyul 1969-cu il Azərbaycanın müasir dövlətçilik tarixində dönüş nöqtələrindən biridir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili deyib: "Ulu Öndər Heydər Əliyevin Azərbaycanda siyasi rəhbərliyə gəlməsi ilə ölkəmizin inkişafında yeni mərhələ başlandı. Güclü iqtisadiyyatın güclü dövlətin təməli olduğunu dərindən bilən Heydər Əliyev sənayenin, energetikanın, elmin, təhsilin və insan kapitalının inkişafına strateji yanaşma formalaşdırdı.
Həmin illərdə yaradılan iqtisadi və intellektual potensial sonrakı onilliklərdə Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsinin mühüm dayaqlarından birinə çevrildi.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı tarixi nailiyyətlər, iqtisadi gücü və artan beynəlxalq nüfuzu Ulu Öndərin müəyyən etdiyi dövlətçilik strategiyasının müasir dövrün çağırışlarına uyğun uğurla davam etdirilməsinin nəticəsidir.
14 iyul - böyük inkişaf yolunun başlanğıcı, güclü və müstəqil Azərbaycan ideyasının tarixə çevrildiyi mühüm gündür. Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edirik!"