Hikmət Hacıyev etimadın bərpası və dezinformasiya ilə mübarizədə medianın oynadığı rol haqda danışıb

Media müasir cəmiyyətlərdə dayanıqlılığın və qarşılıqlı anlaşmanın mühüm dayağına çevrilib, məsuliyyətli kommunikasiya isə münaqişələrin qarşısının alınmasında və etimadın bərpasında əsas rol oynayır.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumunun ikinci günü çərçivəsində çıxışı zamanı deyib.

"Sosial şəbəkələr ünsiyyətə sərbəst çıxış imkanlarını genişləndirib. Lakin eyni zamanda onlar cəmiyyətlərimizdə dezinformasiyanın, manipulyasiyaların və təzyiqlərin yayılmasını da sürətləndirib. Rəqəmsal amillər insanlara öz sözlərini çatdırmaq imkanı verib, lakin bununla yanaşı, həqiqəti yalan məlumatdan ayırmaq prosesini daha da çətinləşdirib", - deyə o bildirib.

H.Hacıyevin sözlərinə görə, müasir münaqişələr artıq təkcə döyüş meydanında deyil, həm də informasiya məkanında baş verir ki, bu da dəqiq və etibarlı məlumatın təqdim olunmasına görə KİV-in məsuliyyətini artırır.

O, tarixi təcrübə media narrativlərinin hadisələrin qavranılmasına təsirini açıq şəkildə göstərdiyini qeyd edib və həqiqətin qorunması, təhrif olunmuş məlumatların yayılmasının qarşısının alınması baxımından məsuliyyətli jurnalistikanın əhəmiyyətini vurğulayıb.

H.Hacıyev bildirib ki, etimad dialoq, peşəkarlıq və qarşılıqlı hörmət vasitəsilə bərpa oluna bilər. O, forumun daha güclü və məsuliyyətli qlobal media mühitinin formalaşdırılması ilə bağlı tövsiyələrin hazırlanmasına töhfə verəcəyinə ümid etdiyini ifadə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31