D-8 Media Mükəmməllik Mərkəzi üzv dövlətlər arasında əməkdaşlığı gücləndirəcək - Sohail Mahmud
19:20 SiyasətD-8 Media Mükəmməllik Mərkəzinin yaradılması təşkilatın ən perspektivli layihələrindən birinə çevriləcək və üzv dövlətlər arasında media sahəsində əməkdaşlığın inkişafına töhfə verəcək.
Olaylar xəbər verir ki, bunu D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Sohail Mahmud IV Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən D-8 Media Mükəmməllik Mərkəzinin Strateji Konsepsiyasının təqdimatı zamanı deyib.
"D-8 Media Mükəmməllik Mərkəzinin yaradılması son illər ərzində D-8 çərçivəsində həyata keçirilmiş ən perspektivli təşəbbüslərdən biridir", - deyə o bildirib.
S.Mahmudun sözlərinə görə, təşəbbüs Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycanda üç mükəmməllik mərkəzinin - Media Mükəmməllik Mərkəzinin, Enerji və İqlim Mərkəzinin, eləcə də Nəqliyyat Mərkəzinin yaradılması ilə bağlı təklifindən qaynaqlanır.
O qeyd edib ki, bu mərkəzlər yaradıldıqdan sonra D-8-in institusional arxitekturasının möhkəmləndirilməsinə və üzv dövlətlər arasında informasiya, energetika, ətraf mühit və nəqliyyat əlaqəliliyi sahələrində praktiki əməkdaşlığın genişlənməsinə töhfə verəcək.
Baş katib xatırladıb ki, Media Mükəmməllik Mərkəzinin yaradılması ilə bağlı təklif üzv dövlətlərlə məsləhətləşmələr zamanı müzakirə olunub və 2025-ci ilin noyabrında Bakıda keçirilmiş ilk D-8 Media Forumunda qəbul edilən media sahəsində əməkdaşlıq və inkişaf haqqında bəyannamə ilə daha da inkişaf etdirilib.
Onun sözlərinə görə, konsepsiya Mərkəzin peşəkar hazırlıq, tədqiqatların aparılması, jurnalist mübadiləsi, media savadlılığının inkişafı, rəqəmsal innovasiyalar, strateji tərəfdaşlıq, eləcə də dezinformasiya ilə mübarizə və süni intellekt də daxil olmaqla yeni texnologiyalardan məsuliyyətli istifadənin təşviqi üçün platforma kimi yaradılmasını nəzərdə tutur.
S.Mahmud vurğulayıb ki, Media Mükəmməllik Mərkəzinin uğurlu fəaliyyəti D-8-ə üzv bütün dövlətlərin, onların milli media qurumlarının, universitetlərinin, tədqiqat mərkəzlərinin və digər ixtisaslaşmış institutlarının fəal iştirakından asılı olacaq. O əlavə edib ki, D-8 Katibliyi mərkəzin mümkün qədər tez fəaliyyətə başlaması və təşkilatın əsas strukturlarından biri kimi səmərəli işləməsi üçün Azərbaycan və digər üzv dövlətlərlə sıx əməkdaşlıq edəcək.