Əfsanə İbrahimova: "İndi Qarabağda dağıntıları deyil, dirçəlişi görürlər" ÖZƏL
16:12 SiyasətPrezident İlham Əliyev Şuşada keçirilən IV Qlobal Media Forumunun açılışında dünya jurnalistləri ilə aktual məsələlərin müzakirəsi və onların Qarabağdakı yenidənqurma prosesi ilə yaxından tanış olmasının önəmini vurğulayıb. Dövlət başçısı dəyişən dünyada yeni təhdidlərə qarşı milli kimliyin, ləyaqətin və müstəqilliyin qorunması üçün daimi mübarizənin vacibliyini qeyd edərək, gənc nəslin də bu ruhda böyüməli olduğunu bildirib. Eyni zamanda, qonşularla sıx əlaqələr olmadan tranzit ölkə olmağın qeyri-mümkünlüyünü xatırladan Prezident, Azərbaycanın Avrasiyada qurduğu çoxtərəfli beynəlxalq əməkdaşlıq və uğurlu enerji layihələri sayəsində mühüm strateji mövqe qazandığını diqqətə çatdırıb.
Şuşa Forumu beynəlxalq arenada necə çıxış edir? Ölkəmiz üçün əhəmiyyəti nədir? Dünyaya hansı mesajları verir?
"Forum artıq nüfuzlu beynəlxalq platformalardan birinə çevrilib - bu il 54 ölkədən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxsin iştirakı gözlənilir, 30-a yaxın beynəlxalq informasiya agentliyi və 60-dan çox aparıcı media qurumu təmsil olunacaq. Ümumilikdə indiyədək keçirilmiş dörd forum ərzində 81 ölkədən 600-ə yaxın nüfuzlu media nümayəndəsi, ekspert və rəsmi şəxs bir araya gəlib və bu, Şuşanı qlobal media gündəliyinin müzakirə olunduğu əsas məkanlardan birinə çevirib".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əfsanə İbrahimova deyib. Siyasi şərhçi bildirib ki, forumun ölkəmiz üçün əhəmiyyətinə gəldikdə isə onu deyə bilərik ki, ölkəmiz üçün əhəmiyyəti olduqca böyükdür. Forumun məhz Şuşada - Qarabağın mərkəzində keçirilməsi təsadüfi deyil. Prezident İlham Əliyev vurğulayıb ki, tədbirin əsas məqsədlərindən biri xarici qonaqların Qarabağla, Şuşa ilə yaxından tanış olması və regionun inkişafını, yenidənqurulmasını öz gözləri ilə görməsidir, o cümlədən, əvvəllər yalnız dağıntıları eşitmiş jurnalistlərin indi bunu canlı müşahidə etməsidir. Bu, Azərbaycanın Qarabağdakı bərpa işlərini beynəlxalq ictimaiyyətə birbaşa nümayiş etdirmək baxımından strateji əhəmiyyət daşıyır. Forum dünyaya vacib mesajları verir. Əvvəlki (III) forumun təcrübəsi göstərir ki, Azərbaycan bu platforma vasitəsilə özünü sadəcə informasiya istehlakçısı deyil, informasiya siyasəti formalaşdıran fəal tərəf kimi təqdim edir. Bu il isə mövzu birbaşa sülh və etimadın bərpasına həsr olunub, media bu prosesdə həqiqətin bərpası və etimadın yenidən qurulması missiyasını daşıyan alət kimi göstərilir. Şuşa təsadüfən seçilmiş məkan deyil. Azərbaycanın mədəniyyət paytaxtı elan olunan bu şəhər eyni zamanda düşmən işğalından azad edildikdən sonra bərpa və yenidənqurma prosesinin ən bariz nümunəsinə çevrilib. Məhz bu iki keyfiyyət - tarixi-mədəni irs və müasir inkişafın canlı sübutu Şuşanı dünya mediasını qəbul etmək üçün ən uyğun məkana çevirir. Bura gələn xarici qonaqlar təkcə tədbirdə iştirak etmirlər, eyni zamanda əvvəllər yalnız eşitdikləri dağıntıların yerində bu gün necə bir inkişafın getdiyini öz gözləri ilə görürlər. Rəqəmlər bu uğurun miqyasını aydın göstərir: IV Şuşa Qlobal Media Forumunda dünyanın 54 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxsin iştirakı gözlənilir. Forumda 30-a yaxın beynəlxalq informasiya agentliyi, 60-dan çox aparıcı media qurumu və 10-a yaxın beynəlxalq təşkilat və şirkətin nümayəndələri təmsil olunacaq. Bu, sadəcə bir tədbir deyil - dörd il ərzində keçirilən forumların ümumi nəticəsində 81 ölkədən 600-ə yaxın nüfuzlu media nümayəndəsinin Şuşada bir araya gəlməsi kimi böyük bir irsin davamıdır.
"Bütün bunlar bir həqiqəti təsdiqləyir: Azərbaycan artıq dünyaya sözünü deyən, qlobal informasiya nizamının formalaşmasında fəal iştirak edən bir ölkədir. Bu, təkcə diplomatik və mədəni bir nailiyyət deyil, bu həm də Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə başlatdığı və bu gün də davam edən Böyük Quruculuq yolunun məntiqi nəticəsidir. Ötən əsrdə qoyulan təməl bu gün Şuşada dünya mediasını qarşılayan, öz sözünü cəsarətlə deyən müasir Azərbaycanın simasında öz təsdiqini tapır", - deyə ekspert əlavə edib.
Səidə Ramazanova