Elçin Xalidbəyli: “Balans naminə balans yox, prinsipial siyasət" ÖZƏL
15:55 SiyasətPrezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bildirib ki, Azərbaycan ABŞ ilə İran arasında münaqişənin tezliklə başa çatacağına ümid edir. Dövlət başçısı vurğulayıb ki, ölkə həm şimal, həm də cənub qonşularında davam edən münaqişələr fonunda regionda sülh və sabitliyin bərqərar olmasını istəyir. İlham Əliyev Pakistanın ABŞ-İran arasında vasitəçilik səylərini yüksək qiymətləndirərək, atəşkəsin və dialoqun vacibliyini qeyd edib.
Prezident İlham Əliyevin bu açıqlaması Azərbaycanın regional siyasəti baxımından hansı mesajları verir? ABŞ-İran gərginliyinin Cənubi Qafqazın təhlükəsizliyinə mümkün təsirləri nələr ola bilər? Azərbaycan bu prosesdə balanslı xarici siyasətini necə qorumağa çalışır?
"Azərbaycan Prezidenti İlham Əliyevin Yaxın Şərqdə baş verən hadisələrə, xüsusilə də ABŞ-İran hərbi qarşıdurmasına yönəlik sərgilədiyi mövqe böyük əhəmiyyət daşıyır".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçi bildirib ki, bu mövqe qlobal məkan üçün də örnək xarakteri daşıyır. Çünki Prezident İlham Əliyev və Azərbaycan dövləti yalnız sülh mesajları verir və bu mesajlar mövcud qlobal geosiyasi şəraitdə bütün dünya üçün böyük önəm kəsb edir. Müasir dövrün əsas mənfi tendensiyalarından biri regional münaqişələrin sayının sürətlə artmasıdır. Bu münaqişələr həm bütövlükdə dünyada, həm də ayrı-ayrı regionlarda sülhə və sabitliyə ciddi zərbə vurur. Bu baxımdan Azərbaycan Prezidentinin növbəti dəfə bütün dünyaya sülh mesajı verməsi qlobal məkan üçün örnək sayıla biləcək bir yanaşmadır. Hesab etmək olar ki, bu mesajlar istənilən halda qlobal sülhə və sabitliyə yalnız müsbət təsir göstərəcək. Eyni zamanda onlar Azərbaycanın həm Cənubi Qafqazda, həm də dünyanın digər regionlarında sülhə və sabitliyə nə qədər böyük önəm verdiyini nümayiş etdirir. Azərbaycan hazırda əsas diqqətini Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunmasına, regionun ümumi inkişaf perspektivlərinin önünün açılmasına yönəldib. Bu isə Cənubi Qafqazda yaxın gələcəkdə sabitliyin təmin olunması baxımından böyük əhəmiyyət daşıyan mövqedir.
Ekspert qeyd edib ki, Azərbaycan mövcud münaqişələrə münasibətdə balans naminə balans siyasəti yürütməyə ehtiyac duymur. Əksinə, öz mövqeyini prinsipial və qətiyyətli şəkildə bütün dünyaya bəyan edir. Buna nümunə kimi Prezident İlham Əliyevin Ukraynanın ərazi bütövlüyünü tanıdığını və dəstəklədiyini bəyan etməsini göstərmək olar. Bu, Azərbaycanın beynəlxalq hüquq normalarına böyük önəm verdiyini və həmin normaların ən ciddi müdafiəçilərindən biri olduğunu göstərir. Eyni yanaşma Yaxın Şərqdə baş verən hadisələrə də şamil olunur. Azərbaycan dövləti Yaxın Şərqdəki müharibəyə hər hansı tərəfin müdafiəsi mövqeyindən yanaşmır. Yəni Azərbaycan nə ABŞ-nin, nə də İranın tərəfində çıxış edir. Azərbaycan sülhün və sabitliyin bərqərar olunması mövqeyindən çıxış edir. Məhz buna görə də Prezident İlham Əliyev bütün dünyaya mesaj verir ki, ABŞ ilə İran arasındakı hərbi qarşıdurma sülh yolu ilə, siyasi-diplomatik vasitələrlə həll olunmalıdır. Belə bir yanaşma həm regionda, həm də qlobal miqyasda sülhün və sabitliyin möhkəmlənməsinə ciddi töhfə verə bilər.
Səidə Ramazanova