Paşinyanla mübahisə edən baş həkim işdən çıxarıldı – ÖZƏL
15:35 SiyasətOlaylar.az xəbər verir ki, İrəvandakı 16 nömrəli poliklinikanın Qadın məsləhətxanası şöbəsinin müdiri Arpine Soqoyan may ayının ortalarında Ermənistanın Baş naziri Nikol Paşinyanla yaşadığı kəskin mübahisədən sonra işindən kənarlaşdırılıb. Bu barədə məlumatı həkimin qızı, vəkil Tatevik Soqoyan paylaşıb. O bildirib ki, anası 21 illik qüsursuz fəaliyyətdən sonra guya "ştatların ixtisarı" bəhanəsi ilə işdən azad edilib və bu addım ölkədəki "demokratiya və söz azadlığının" real göstəricisidir. Hazırda anasının əhvalının yaxşı olduğunu deyən vəkil onun gələcək əmək fəaliyyətində problem görmədiyini vurğulayıb.
Xatırladaq ki, hadisə seçkiqabağı təşviqat kampaniyası zamanı İrəvanın Ərəbkir rayonunda baş verib. Arpine Soqoyan Baş nazirə yaxınlaşaraq onu son 8 ildə uğursuz siyasət yürütməkdə, ölkəni dağıtmaqda və gənclərin ölümünə bais olmaqda ittiham edib. Bu tənqidlərdən sonra təmkinini itirən Nikol Paşinyan qadının üzərinə qışqıraraq onu və tərəfdarlarını "qaçqın dığalar" adlandırıb və təhqiramiz ifadələr işlədib. İnsidentdən dərhal sonra İrəvan meri Tiqran Avinyan mətbuata açıqlamasında heç kimin siyasi baxışlarına, xüsusən də qardaşını itirmiş bir qadının fikirlərinə görə işdən çıxarıla bilməyəcəyini desə də, həkimin qovulmasının qarşısı alınmayıb.