İlham Əliyev ABŞ-nin iki administrasiyasının fəaliyyəti arasındakı fərqi diqqətə çatdırıb- ÖZƏL

IV Şuşa Qlobal Media Forumunun açılışında Azərbaycan Prezidenti İlham Əliyev Trampın gördüyü işlərlə ondan əvvəlki administrasiyaların fəaliyyəti arasında böyük fərq olduğunu vurğulayıb.
Cənab İlham Əliyev bildirib ki, 30 il davam edən işğal dövründə ABŞ administrasiyasının ovaxtkı Minsk qrupunun həmsədrləri ilə birlikdə əsas məqsədləri bu münaqişənin dondurulmasından ibarət idi. 
Amma Azərbaycanın əraziləri azad edilmirdi, halbuki bu istiqamətdə BMT Təhlükəsizlik Şurasının qətnamələri var idi və bunu onların özləri də qəbul etmişdilər. Əslində isə, məqsəd bu vəziyyəti dondurmaq və bunu Azərbaycana, müəyyən mənada Ermənistana qarşı təsir mexanizmi kimi istifadə etmək idi.
ABŞ-nin keçmiş prezidenti Co Bayden senator olanda Azərbaycana qarşı sanksiyaların təşəbbüskarlarından biri idi. Onun regionun inkişafı ilə bağlı vizyonu parçalanma, münaqişə və qarşıdurma idi. Əlbəttə ki, belə şəraitdə məqsədlərə çatmaq daha asandır.
Lakin cənab Trampın xarakteri fərqlidir. O, sülhə can atır və sülhə bir fürsət kimi baxır. Bu gün artıq sülh bərqərar olub ki, bu da yeni imkanlar yaradır.
ABŞ rəhbərliyi Zəngəzur dəhlizinin vacib bir layihə olduğunu başa düşürdü, çünki o, Azərbaycanı Naxçıvan anklavı ilə birləşdirəcək. Amerikalılar çox səmərəli işləyərək İrəvana Ermənistanın özünün bu sülhə ehtiyacı olduğunu izah etməyi bacardılar. Əlbəttə ki, Ağ Evdə keçirilən tarixi görüş zamanı Prezident Tramp mənim və Ermənistanın baş naziri ilə birlikdə birgə bəyanat imzaladı. Eyni zamanda, hər iki ölkənin xarici işlər nazirləri sülh müqaviləsini parafladılar.
Qeyd edək ki, Donald Trampın Ağ Evə qayıdışı Cənubi Qafqaz da daxil olmaqla ABŞ-nin xarici siyasətində əhəmiyyətli bir dəyişiklik yaradıb. Əvvəlki Co Bayden administrasiyası demokratiya və insan hüquqları kimi spekulyativ institusional təzyiq alətindən istifadə etməyə çalışdığı halda, Tramp administrasiyası geosiyasi rəqabətə, enerji təhlükəsizliyinə və ABŞ-nin iqtisadi maraqlarını ehtiva edən praqmatik yanaşma sərgiləyir.
Bu transformasiya Azərbaycanla ABŞ arasında əməkdaşlıq üçün yeni imkanlar açır. Vaşinqton Azərbaycanı əsasən Avropanın enerji şaxələndirilməsinin təminatında, Orta Asiya ilə Avropa arasında nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsində mühüm tərəfdaş və Rusiya, Çin və İranla artan rəqabət fonunda regional sabitləşdirici rol oynaya bilən bir aktor kimi qiymətləndirir.
Ən diqqətəlayiq dəyişikliklərdən biri Amerika siyasətində ideoloji komponentin rolunun azalmasıdır. ABŞ-nin rəsmi bəyanatları əvvəllər müntəzəm olaraq Azərbaycanın daxili siyasətinə müdaxilə cəhdini xatrılatsa da, yeni administrasiya təhlükəsizlik, enerji və ticarət sahələrində praktik əməkdaşlığa daha çox diqqət yetirir. Bu, Donald Trampın milli maraqları səbatsız liberal gündəmin təbliğindən üstün tutan "Amerika əfzəldir"  prinsipinə əsaslanan ənənəvi xarici siyasət fəlsəfəsinin tərkib hissəsidir.
Ermənistan-Azərbaycan münaqişəsinin həllinə yanaşmada da əhəmiyyətli dəyişikliklər müşahidə olunur. 2023-cü ildə Azərbaycanın Qarabağ üzərində tam nəzarəti bərpa etməsindən sonra regionun siyasi reallığı dəyişib. Tramp administrasiyası, münaqişənin nəticələrini yenidən nəzərdən keçirməyə yox, Azərbaycanla Ermənistan arasında hərtərəfli sülh sazişinin əldə olunmasını dəstəkləməyə yönəlmiş mövcud güc balansının nəzərə alınması prizmasından çıxış edir. Ağ Evin demokratik administrasiyası bu və ya digər şəkildə Ermənistanın mövqeyini dəstəkləyən bəyanatlarından fərqli olaraq, Donald Trampın hazırkı kursu daha çox siyasi güzəşt yolu ilə sabitliyə nail olmağa yönəlib.
ABŞ-nin xarici siyasətində Cənubi Qafqazın daha geniş mənada Avrasiya strategiyasının bir hissəsi nəzərdə tutulması da diqqətəlayiqdir. Çini, Orta Asiyanı, Cənubi Qafqazı və Avropanı birləşdirən Orta Dəhliz dəyişən qlobal logistika fonunda getdikcə daha böyük əhəmiyyət kəsb edir. Azərbaycan isə bu sistemdə əsas coğrafi mövqe tutur ki, bu da Vaşinqton üçün onun strateji dəyərini obyektiv şəkildə artırır.
Bu mənada, enerji amili də əsas rollardan birini oynayır. Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarına təbii qazın əsas təchizatçılarından biri kimi vacib tərəfdaşlardan birinə çevrilib. Avropa Rusiyanın enerji ehtiyatlarından asılılığını azaltmağa çalışması fonunda, Tramp administrasiyası Cənubi Qafqazdan keçən enerji marşrutlarının sabitliyini qorumaqda maraqlıdır, çünki onlar ABŞ müttəfiqlərinin enerji təhlükəsizliyinin gücləndirilməsinə töhfə verir.
Bu baxımdan, ABŞ-nin regiondakı strateji maraqları dəyişməz olaraq qalır: sabitliyin qorunması, Rusiya və İranın təsirinin məhdudlaşdırılması, nəqliyyat marşrutlarının inkişaf etdirilməsi və enerji infrastrukturunun təhlükəsizliyinin təminatı. Lakin Bayden administrasiyası bu müstəvidə daha çox siyasi təzyiqə və ictimai diplomatiyaya güvənsə də, Tramp administrasiyası ikitərəfli razılaşmalara, iqtisadi əməkdaşlığa və praqmatik dialoqa üstünlük verir.
Azərbaycan üçün yeni Amerika siyasəti enerji, nəqliyyat və investisiya sektorlarında əməkdaşlığın dərinləşdirilməsi üçün əlverişli şərait yaradır. Bununla belə, Bakı çoxvektorlu xarici siyasət aparır, ABŞ, Avropa İttifaqı, Türkiyə, Rusiya və Orta Asiya dövlətləri ilə konstruktiv münasibətləri qorumağa çalışır.
Beləliklə, Donald Trampın qayıdışı Cənubi Qafqazda Amerika strategiyasının fundamental şəkildə yenidən nəzərdən keçirilməsini deyil, onun mahiyyətinin dəyişməsini nəzərdə tutur. İdeoloji yanaşma praqmatik tərəfdaşlıq siyasəti ilə əvəz olunur və bu siyasətdə Azərbaycan əsasən mühüm geoiqtisadi və geosiyasi tərəfdaş kimi qəbul olunur. Bu kursun davamlılığı həm beynəlxalq vəziyyətin inkişafından, həm də regiondakı dövlətlərin uzunmüddətli sülh və əməkdaşlıq arxitekturasını formalaşdırmaq üçün yaranan imkanlardan istifadə etmək qabiliyyətindən asılı olacaq.
Sahil İsgəndərov
Politoloq

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31