Azərbaycan artıq orta gücdür: Yeni reallıqların müəllifi olan ölkə - ÖZƏL

"Həqiqətən də maraqlıdır ki, bu cür beynəlxalq tədbirlərdə Azərbaycanın orta güc kimi səciyyələndirilməsinin meyarlarının müəyyənləşdirilməsi prosesi də aparılır. Çünki orta güc dövlətinə çevrilməyin nə demək olduğunu ictimaiyyət arasında tam şəkildə anlamayanlar ola bilər. Eyni zamanda, Azərbaycanın beynəlxalq miqyasda belə bir status qazandığını hələ də tam mənimsəməyənlər də mövcuddur."

Bu fikirləri siyasi şərhçi Aydın Quliyev Olaylar.az-a açıqlamasında bildirib:

"Bu baxımdan Prezidentin beynəlxalq tədbirdə Azərbaycanın orta gücə çevrilməsinin meyarlarının müəyyənləşdirilməsinin vacibliyi məsələsini gündəmə gətirməsi və həmin meyarlardan bir neçəsini konkret şəkildə ifadə etməsi müsbət haldır. Doğrudan da, əgər bir ölkə öz milli maraqlarını sərbəst şəkildə müdafiə edə bilirsə, öz potensialını və real imkanlarını bütün dünyaya nümayiş etdirə bilirsə, beynəlxalq marağı özünə cəlb edə bilirsə, onun orta güc kimi xarakterizə olunması həm mümkün, həm də zəruridir.

Bir vaxtlar Azərbaycanın kiçik, zəif və təcavüzə məruz qalmış dövlət kimi təqdim olunması ilə heç cür razılaşmırdıq və heç olmasa orta gücə çevrilməyi strateji hədəf kimi müəyyənləşdirmişdik. Azərbaycanın orta gücə çevrilmək istəyi tamamilə normal və təbii bir məqsəd idi. Bu, ölkənin düşdüyü vəziyyətin məntiqi nəticəsi sayılırdı.

Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın qarşısında duran əsas vəzifə öz suverenliyini və ərazi bütövlüyünü təmin etmək, təcavüz nəticəsində yaranmış problemləri aradan qaldırmaq idi. Belə bir vəziyyətdə olan ölkənin supergüc dövlətə çevrilmək iddiaları real görünə bilməzdi. Buna görə də Azərbaycanın qarşısında duran növbəti və ən məntiqli mərhələ orta gücə çevrilmək idi.

Azərbaycanın orta güc olmaq iddiaları həm real, həm də ölkənin üzləşdiyi tarixi və siyasi şəraitdən irəli gələn məqsəd idi. Digər tərəfdən, biz dövlət olaraq uzun illər ərzində bəzi böyük güclərdən haqsız münasibət, ədalətsizlik və təzyiqlərlə üzləşmişik. Ermənistana təcavüzkar dövlət olmasına baxmayaraq göstərilən dəstəyi də yaxşı xatırlayırıq. Bu mənada Azərbaycanın nə zəif dövlət statusunda qalması qəbul edilə bilərdi, nə də supergüc dövlətə çevrilmək iddiası real görünürdü. Ona görə də Azərbaycan üçün ən doğru və dəqiq hədəf orta gücə çevrilmək idi.

Bu gün artıq Azərbaycanı orta güc kimi xarakterizə etməyə imkan verən bir sıra amillər mövcuddur. Bunlara ölkənin regional məsələlərdə söz sahibi olması, beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq qurması, qlobal gündəmdə aktual ideyalar irəli sürməsi və bir sıra beynəlxalq platformaların fəaliyyətinə təsir göstərə bilməsi daxildir. Bütün bunlar Azərbaycanın orta güc kimi qiymətləndirilməsi üçün kifayət qədər əsas yaradır.

Ən mühüm amil isə ölkənin öz ərazi bütövlüyünü və suverenliyini heç bir xarici qüvvədən asılı olmadan bərpa etməsi, regionda yeni reallıqlar formalaşdırması və beynəlxalq ictimaiyyəti bu reallıqları qəbul etməyə sövq etməsidir. Bu reallıqları yaratmaq mühüm nailiyyət olsa da, əsas məsələ dünyanın həmin reallıqlarla hesablaşmasını təmin etmək idi. Azərbaycan buna nail ola bildi. Bu isə artıq orta güc statusuna malik dövlətlərin həyata keçirə biləcəyi siyasi nəticələrdən biridir."

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31