Yeni qanun mülki qaydada borclar və qrantlar üçün hüquqi əsas yaradır
12:59 Siyasət"Kraudfandinq haqqında" qanun vasitəsilə mülki qaydada borcların və qrantların əldə olunması da mümkün hesab edilir. "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin plenar iclasında çıxışı zamanı bildirib.
Deputatın sözlərinə görə, "Kraudfandinq haqqında" qanun digər maliyyələşdirmə formalarını da nəzərdə tutur: "Ona görə ki, əsas məqsəd hər bir innovasiya layihəsinin dəstəklənməsinə yönəlib. Bu çərçivədə mülki qaydada borclar, qrantlar da mövcud ola bilər. Sadəcə nəzərə almaq lazımdır ki, mülki qanunvericilik istənilən maliyyələşdirmə və dəstəkləmə formalarını tanıyır və icazə verir. Komitə iclasında da bu məsələ gündəmə gətirilmişdi və prosedur baxımından belə maliyyələşdirmə formasının həyata keçirilməsi realdır. Lakin tərəflər bunu mülki qaydada rəsmiləşdirməlidirlər".
A. Əmiraslanov hesab edir ki, digər vacib məqam qanunvericilik çərçivəsindən kənar hər hansı maliyyələşdirmə, xüsusilə qeyd edildiyi kimi, "Whatsapp" vasitəsilə aparılan əməliyyatlar - bunlar artıq dəstəyin qeyri-rəsmi formalarıdır və burada müəyyən risklər yarana bilər:"Əgər qanunvericilik konkret prosedurları müəyyən edirsə, o zaman investorların və vətəndaşların hüquqlarının müdafiəsi üçün daha möhkəm əsaslar formalaşa bilər".