Ümumilli Lider Azərbaycanın davamlı tərəqqisi üçün möhkəm təməl yaradıb- ÖZƏL
12:31 Siyasət"Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində nüfuzlu mövqeyə malik, qlobal və regional proseslərdə fəal iştirak edən, etibarlı tərəfdaş kimi tanınan dövlətlərdən biridir. Ölkəmizin bu inkişaf səviyyəsinə çatması mürəkkəb, çoxşaxəli və tarixi sınaqlarla zəngin inkişaf yolunun nəticəsidir. Şübhəsiz ki, müasir, güclü və müstəqil Azərbaycan dövlətinin formalaşması və möhkəmlənməsi Ümummilli Lider Heydər Əliyevin uzaqgörən dövlətçilik strategiyası və məqsədyönlü siyasi fəaliyyəti ilə sıx bağlıdır. Məhz onun rəhbərliyi dövründə həyata keçirilən fundamental islahatlar və müəyyənləşdirilən inkişaf kursu Azərbaycanın davamlı tərəqqisinin əsasını təşkil etmiş, dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi üçün möhkəm siyasi, iqtisadi və institusional zəmin yaratmışdır.". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı, YA İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib:
"Müasir dövrdə Azərbaycan Respublikasının inkişafının təməli 1969-cu il iyulun 14-də Ümummilli Lider Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsi ilə qoyulmuşdur. Həmin dövrdən etibarən Azərbaycan Sovet İttifaqının tərkibində fəaliyyət göstərməsinə baxmayaraq, respublikanın sosial-iqtisadi potensialının gücləndirilməsinə, sənaye və kənd təsərrüfatının inkişafına, elmi-texniki tərəqqinin sürətləndirilməsinə və yüksəkixtisaslı milli kadrların hazırlanmasına yönəlmiş ardıcıl inkişaf strategiyasının həyata keçirilməsinə başlanılmışdır. Nəticə etibarilə, Azərbaycanın sonrakı inkişaf mərhələlərinin iqtisadi və institusional əsasları məhz həmin dövrdə formalaşdırılmış, respublikanın hərtərəfli tərəqqisi Ümummilli Lider Heydər Əliyevin adı ilə ayrılmaz şəkildə bağlı olmuşdur. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (KP MK) plenumunda Heydər Əlirza oğlu Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçilməsi ölkənin iqtisadi, mədəni yüksəlişində, xalqımızın rifahının yaxşılaşmasında, eləcə də müstəqil dövlətimizin təməlinin qoyulmasında həlledici rol oynadı. Həmin dövrdə dövlət idarəçiliyinin səmərəliliyinin artırılması istiqamətində həyata keçirilən mühüm tədbirlərdən biri də kadr siyasəti idi. Ümummilli Lider Heydər Əliyev yüksək peşəkarlığa, təşkilatçılıq qabiliyyətinə, xalqa sədaqətə və yüksək mənəvi keyfiyyətlərə malik milli kadrların formalaşdırılmasına və onların respublikanın müxtəlif idarəetmə səviyyələrində rəhbər vəzifələrə irəli çəkilməsinə xüsusi önəm verirdi. Bu siyasət dövlət idarəçiliyində milli kadr potensialının gücləndirilməsində mühüm rol oynadı".