İşğaldan azad olunmuş ərazilərimizdə təhlükəsiz və ləyaqətli yaşayışı üçün infrastruktur yaradılır- ÖZƏL

"Prezident İlham Əliyevin növbəti dəfə Şuşa, Xankəndi və Laçın rayonlarına etdiyi səfər işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işlərinin ardıcıl xarakter aldığını bir daha nümayiş etdirdi. Dövlət başçısının səfəri çərçivəsində yeni obyektlərin açılışlarında iştirakı, bərpa olunan yaşayış məntəqələrində görülən işlərlə tanış olması və Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına qayıdan sakinlərlə keçirdiyi səmimi görüşlər Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi dövlət siyasətinin əsas istiqamətlərini əks etdirir". "Olaylar" xəbər verir ki, bunu  YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyev Şuşa rayonunun Kiçik Qaladərəsi kəndində aparılan bərpa işləri ilə tanış olması bura qayıdan sakinlərlə görüşü tarixi məqamlardan hesab edilir: "Dövlətimizin başçısına kənddə fərdi yaşayış evlərinin, sosial infrastrukturun, mühəndis-kommunikasiya sistemlərinin və daxili yol şəbəkəsinin bərpası barədə ətraflı məlumat verildi. Bildirildi ki, kənddə qaz, elektrik və su təminatı yenidən qurulub, yeni park və Bayraq Meydanı salınıb, yaşayış üçün zəruri bütün şərait yaradılıb. Hazırda kəndə ilk mərhələdə köçürülən ailələr burada təhlükəsiz və rahat yaşayışlarını davam etdirirlər, növbəti mərhələlərdə isə yeni ailələrin qayıdışı nəzərdə tutulur.

Prezident İlham Əliyev Kiçik Qaladərəsinə qayıdan sakinlərlə səmimi görüş keçirərək onların yaşayış şəraiti, məşğulluğu və gündəlik qayğıları ilə maraqlandı. Görüş zamanı dövlət başçısı vurğuladı ki, Böyük Qayıdış Proqramı planlı şəkildə davam etdirilir və azad edilmiş bütün yaşayış məntəqələrində insanların rahat, təhlükəsiz və ləyaqətli yaşayışı üçün müasir infrastruktur yaradılır. Sakinlər isə göstərilən yüksək dövlət qayğısına görə minnətdarlıqlarını bildirərək doğma torpaqlarında yenidən yaşamağın onlar üçün böyük qürur və sevinc mənbəyi olduğunu qeyd etdilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31