Şuşa müasir Azərbaycanın quruculuq iradəsinin simvoluna çevrilib- ÖZƏL
11:08 Siyasət"Prezident İlham Əliyevin Şuşaya növbəti səfəri bir daha göstərdi ki, Qarabağın dirçəldilməsi Azərbaycanda həyata keçirilən dövlət siyasətinin əsas prioritetlərindən biridir. Bu səfər yalnız yeni layihələrin icrası ilə tanışlıq və açılış mərasimləri ilə yadda qalmadı. Dövlət başçısının Şuşa sakinləri ilə səmimi görüşü, onların qayğıları ilə yaxından maraqlanması, görülən işləri yerində qiymətləndirməsi xalq-hakimiyyət birliyinin real təzahürü kimi diqqət çəkdi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Jalə Əliyeva deyib:
"Şuşa artıq təkcə tarixi və mədəniyyət paytaxtı deyil, həm də müasir Azərbaycanın quruculuq iradəsinin simvoluna çevrilib. İşğaldan azad edildikdən sonra şəhərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir, müasir infrastruktur yaradılır, tarixi abidələr bərpa olunur, yeni yaşayış məhəllələri, məktəblər, xəstəxanalar və digər sosial obyektlər istifadəyə verilir. Prezident İlham Əliyevin bu prosesləri mütəmadi olaraq şəxsən izləməsi görülən işlərin keyfiyyətinə və vaxtında başa çatdırılmasına verilən xüsusi önəmin göstəricisidir.
Səfərin ən yaddaqalan məqamlarından biri dövlət başçısının vətəndaşlarla səmimi ünsiyyəti oldu. Şuşaya qayıdan sakinlərlə söhbətlər zamanı onların sevincini bölüşməsi, fikir və təkliflərini dinləməsi, insanların rifahının dövlət siyasətinin mərkəzində dayandığını bir daha nümayiş etdirdi. Bu görüşlər göstərdi ki, Böyük Qayıdış proqramı yalnız yaşayış binalarının tikilməsi ilə məhdudlaşmır. Əsas məqsəd insanların doğma torpaqlarında təhlükəsiz, rahat və firavan həyatını təmin etməkdir.
Prezidentin Şuşada müxtəlif obyektlərdə görülən işlərlə tanış olması da xüsusi əhəmiyyət daşıyır. Yeni infrastruktur layihələri, abadlıq tədbirləri, sosial və mədəni obyektlərin tikintisi şəhərin gələcək inkişaf strategiyasının ardıcıl şəkildə həyata keçirildiyini təsdiqləyir. Bütün bunlar Şuşanın həm ölkənin mədəniyyət mərkəzi, həm də turizm və iqtisadi inkişaf baxımından mühüm cazibə nöqtəsinə çevrilməsinə xidmət edir.
Bununla yanaşı, təəssüf doğuran məqamlardan biri odur ki, Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı quruculuq işləri bəzi dairələr tərəfindən qərəzli şəkildə təqdim olunur. Bəzən görülən işlərin miqyası və mahiyyəti kölgədə qoyularaq ayrı-ayrı texniki və ya təşkilati məsələlər ümumi prosesin uğursuzluğu kimi göstərilməyə çalışılır. Belə yanaşmalar ölkədə aparılan bərpa və yenidənqurma prosesinin bütöv mənzərəsini əks etdirmir və fərqli baxışların mövcud olduğu bir mühitdə müzakirələrin daha çox faktlara söykənməsi ictimai maraqlar baxımından əhəmiyyətlidir.
Reallıq isə ondan ibarətdir ki, qısa müddət ərzində işğal nəticəsində uzun illər dağıdılmış ərazilərdə yeni yollar salınıb, yaşayış məntəqələri tikilib, enerji, su və rabitə infrastrukturu yaradılıb, insanların doğma yurdlarına mərhələli qayıdışı təmin olunmağa başlanıb. Bu faktlar Qarabağ və Şərqi Zəngəzurda aparılan işlərin miqyasını və dövlətin qarşıya qoyduğu məqsədlərin ardıcıl şəkildə həyata keçirildiyini göstərən konkret nəticələrdir.
Şuşa bu gün təkcə Azərbaycanın deyil, bütün türk və islam dünyasının diqqət mərkəzində olan şəhərlərdən biridir. Burada keçirilən beynəlxalq tədbirlər, mədəni layihələr və dövlət səviyyəli görüşlər şəhərin artan nüfuzunu nümayiş etdirir. Prezident İlham Əliyevin hər səfəri isə bu inkişaf prosesinə yeni impuls verir.
Şuşaya növbəti səfər bir daha nümayiş etdirdi ki, Qarabağın bərpası və Böyük Qayıdış proqramı uzunmüddətli strateji hədəflərə əsaslanır. Dövlət başçısının vətəndaşlarla səmimi ünsiyyəti, görülən işlərə şəxsi nəzarəti və şəhərin gələcəyinə dair verdiyi mesajlar bu prosesin davamlı xarakter daşıdığını göstərir. Bu gün Şuşada istifadəyə verilən hər bir yeni obyekt, bərpa olunan hər bir tarixi abidə və doğma yurduna qayıdan hər bir ailə Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi yenidənqurma siyasətinin mühüm nəticələri kimi qiymətləndirilə bilər"