Ermənistan müxalifətinin parlamentdəki mandatlarından imtina etməsi hakimiyyətin legitimliyini sarsıda bilər – ÖZƏL
16:35 SiyasətErmənistan parlamentindəki müxalifət ictimai rəyi formalaşdırmaq üçün əsas siyasi tribunadan istifadə edə bilsə də, mövcud təhdidləri neytrallaşdırmağa gücü çatmayacaq. Olaylar.az xəbər verir ki, bu barədə Ermənistanın keçmiş baş naziri Xosrov Arutyunyan keçirdiyi mətbuat konfransında bildirib. O qeyd edib ki, son beş ildə müxalifətin aktiv və bəzən aqressiv olmasına baxmayaraq, fundamental problemlərdən heç biri həll edilməyib. Arutyunyanın fikrincə, mövcud səlahiyyət bölgüsü sistemində parlament çoxluğu azlığın rəyini nəzərə almadan istənilən qərarı qəbul edə bilir. Buna misal olaraq xaricdə yaşayan vətəndaşların səsvermə hüququnu məhdudlaşdıran mübahisəli "seçki senzi" qanununun müxalifətin kəskin etirazlarına rəğmən qəbul edilməsini göstərib.
Siyasətçi vurğulayıb ki, müxalifət təkbaşına qərar qəbul edə bilməsə də, elə bir təsir gücünə malik olmalıdır ki, çoxluq onunla hesablaşmağa məcbur qalsın. Bunun üçün müxalifət büdcə siyasəti və ya insan hüquqları sahəsində əlavə nəzarət mexanizmləri tələb edə bilər. Hakimiyyət bu tələbləri rədd edəcəyi təqdirdə, müxalifət parlament böhranı və legitimlik problemi yaratmaq üçün mandatlarından imtina etməlidir. Keçmiş baş nazirin sözlərinə görə, bu addım atılarsa, hakimiyyət öz 64 səsi ilə qərarlar qəbul etməyə davam etsə də, onun legitimliyi "topal ördək" vəziyyətinə düşəcək. Siyasi qarşıdurmanın parlament divarlarını aşaraq geniş xalq kütləsi tərəfindən dəstəklənməsi isə ölkəni növbədənkənar seçkilərə apara bilər. Xatırladaq ki, 7 iyun seçkilərindən sonra formalaşan yeni parlamentdə hakim "Mülki Müqavilə" partiyası 64, müxalifət blokları isə ümumilikdə 41 ("Güclü Ermənistan" 29, "Ermənistan" 12) mandat qazanıb.