Ermənistan konstitusiyası dəyişməsə, sülh dondurula bilərmi? – ÖZƏL
16:05 SiyasətXarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında Azərbaycanın sülh sazişinin yekunlaşdırılması üçün üzərinə düşən bütün işləri tamamladığını bildirib. Nazir qeyd edib ki, preambula və 17 maddədən ibarət saziş mətni artıq paraflanıb və ictimaiyyətə təqdim olunub. C.Bayramov Prezident İlham Əliyevin mövqeyini xatırladaraq vurğulayıb ki, sülhün imzalanması üçün yeganə gözləntı Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasıdır; bundan sonra sazişin imzalanması üçün heç bir maneə qalmayacaq.
Ermənistanın Konstitusiya islahatını ləngitməsi sülh prosesini tamamilə dondura bilərmi? Konstitusiya maneəsi aradan qalxmasa sülh necə olacaq?
"Azərbaycan və Ermənistan arasında sülh sazişinin yekunlaşdırılması istiqamətində böyük işlər görülüb. Bildiyiniz kimi, sazişin maddələri paraflanaraq avqustun 8-də Amerikada imzalanıb. Bundan sonra isə hələ də qeyri-müəyyən qalan məsələlər yenidən işlənib və ictimaiyyətə təqdim olunub. Prezident də çıxışlarında bu məsələləri mütəmadi olaraq vurğulayır".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Siyasi şərhçi bildirib ki, əsas gözləntilərdən biri Ermənistan Konstitusiyasında dəyişikliklərin edilməsidir. Çünki Konstitusiyada Azərbaycana qarşı ərazi iddialarını özündə əks etdirən müddəalar dəyişdirilməsə, gələcəkdə bu, Azərbaycana qarşı yeni münaqişə riskləri yarada bilər. Buna görə də məsələnin köklü şəkildə həll edilməsi vacibdir. Ermənistan Konstitusiyasında həm Azərbaycanın, həm də Türkiyənin ərazilərinə iddia ilə bağlı müddəalar tamamilə aradan qaldırılmalıdır. Bu məsələ birmənalı şəkildə həllini tapmalıdır. Eyni zamanda, Ermənistanda gedən daxili siyasi prosesləri də nəzərə almaq lazımdır. Görünür ki, ölkənin daxili siyasətində ciddi gərginlik yaşanır. Seçkilər ərəfəsində müxalifət Paşinyanın məğlub olmasına və siyasi vəziyyəti öz xeyrinə dəyişməyə çalışır. Xüsusilə də vaxtilə hakimiyyətdə olmuş Robert Köçəryan və onun tərəfdarlarının məqsədi Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq və bu prosesi yenidən sıfır nöqtəsinə qaytarmaqdır. Onlar bəyan edirlər ki, hakimiyyətə gəlsələr, prosesi qaldığı yerdən davam etdirəcəklər. Ancaq bunun reallığı əks etdirmədiyini düşünürük. Çünki bu qüvvələrin verdiyi vədlərin həqiqətə uyğun olmadığını dəfələrlə görmüşük. Bu baxımdan hazırkı mərhələdə məhz Paşinyanın hakimiyyətdə olması müəyyən nəticələr əldə etmək üçün daha əlverişlidir. Çünki keçmiş Ermənistan rəhbərləri ilə müqayisədə danışıqlar masasında daha adekvat mövqe nümayiş etdirə bilən şəxs məhz Paşinyandır. Bunu təkcə Azərbaycan deyil, dünyanın bir çox liderləri də belə qiymətləndirirlər və bu məsələdə ona daha çox etimad göstərirlər. Sülh prosesinin tam başa çatması və sazişin imzalanması üçün Ermənistan Konstitusiyasında dəyişikliklərin edilməsi mütləqdir. Təbii ki, bu, Paşinyan üçün də asan məsələ deyil. O, Ermənistan cəmiyyətini bu dəyişikliklərin zəruriliyinə tədricən hazırlamalıdır. Paşinyanın çıxışlarından da görünür ki, o, Azərbaycanın ərazilərinə dair irəli sürülən iddiaların əsassız olduğunu bildirir, Qarabağın Azərbaycanın ərazisi olduğunu etiraf edir və bunu açıq şəkildə ifadə edir. Ona görə də Konstitusiya dəyişikliyi ilə bağlı həm Ermənistanın hazırkı rəhbərliyi, həm də Azərbaycan tərəfi bu istiqamətdə fəaliyyət göstərir. Əgər Ermənistanda hakimiyyət dəyişikliyi baş verərsə, bu halda sülh prosesinin dondurulması, ləngiməsi və hətta müəyyən müddətə dayanması ehtimalı da istisna deyil.
Səidə Ramazanova