Əli Mustafa: "Rusiya öz zəifliyini gizlətmək üçün saxta tezislər irəli sürür" – ÖZƏL

Rusiyanın Omsk Neft Emalı Zavoduna endirilən PUA zərbəsindən sonra rusiyalı hərbi blogerlər və bəzi media resursları hücumun guya Azərbaycan istiqamətindən reallaşdırıldığı barədə əsassız iddialar irəli sürüblər. Ukraynanın zərbəyə görə məsuliyyəti öz üzərinə götürməsinə və OSINT analitiklərinin faktlarına rəğmən, bu fərziyyələrin yayılması Bakının bir müddət əvvəl Ukraynadakı SOCAR obyektlərinin vurulması ilə bağlı Moskvaya etiraz notası verməsindən sonraya təsadüf edir.

Moskvanın növbəti planı nədir? Bu ittihamlarla nəyə nail olmağa çalışır? Bakı-Moskva münasibətləri yenə gərginləşə bilərmi?

"Rusiya bu gün ağır vəziyyətdədir. Demək olar ki, keçmiş müstəmləkələrini qoruya bilmir. Üstəlik, öz əraziləri də bombalanır. Ukrayna ilə apardığı müharibə onun öz əleyhinə çevrilib. Yəni, "qaşı düzəltməyə gedib göz çıxarmaq" məsəlində olduğu kimi, vəziyyətə düşüb. Ona görə də biz bəzən Rusiyanın müxtəlif informasiya resurslarında aqressiv açıqlamalarla üzləşirik".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. Siyasi şərhçi bildirib ki, məğlubiyyət qorxusu, parçalanma və dağılma təhlükəsi onlarda daim panika yaradır. Sanki hamının onlara qarşı olduğunu, hər kəsin Rusiyanın düşməni olduğunu iddia etməyə çalışırlar. Azərbaycan-Ukrayna münasibətləri normaldır. Ancaq indiki şəraitdə Azərbaycanın öz ərazisindən istənilən istiqamətə, o cümlədən Rusiya ərazisinə silah və ya sursat göndərməsi ilə bağlı iddialar tamamilə əsassızdır. Bu, cəfəng fikirdir. Çünki bu gün istənilən hücum vasitəsi izlənilir, radarlar onun haradan gəldiyini və hansı istiqamətə hərəkət etdiyini müəyyən edə bilir. Düzdür, Ukraynanın istifadə etdiyi dronlar getdikcə daha da təkmilləşir və bəzi hallarda hava hücumundan müdafiə sistemləri onları vaxtında aşkarlaya və zərərsizləşdirə bilmir. Amma bütün hallarda Azərbaycan bu münaqişədən kənardadır və belə riskləri öz üzərinə götürməz. Ona görə də bu cür açıqlamalar daha çox Rusiyada mövcud olan qorxu, fobiya və panikanın nəticəsidir. 

"Digər tərəfdən də istisna deyil ki, Rusiyada hələ də Azərbaycanla münasibətlərin normallaşmasını istəməyən qüvvələr var. Onlar hər fürsətdə Azərbaycana qarşı informasiya hücumları təşkil etməyə, təzyiq göstərməyə, qorxutmağa və bəlkə də başqa planları həyata keçirməyə çalışırlar. Bu səbəbdən də onlar, sanki profilaktik məqsədlə, postsovet məkanında qorxu mühiti yaratmağa çalışırlar və belə bir ritorika sərgiləyirlər ki, "məndən uzaqlaşmayın, mən yenidən güclənəndə sizi yenidən işğal edə bilərəm". Bunlar tamamilə cəfəng ideyalardır. Ukraynanın bu gün öz imkanları kifayət qədərdir. Düzdür, bəzən Ukrayna dronlarının Avropadan, yaxud Baltikyanı ölkələrin üzərindən uçduğu barədə iddialar səsləndirilir. Amma bunların hamısı əsassız fikirlərdir. Ukraynanın coğrafi mövqeyi elədir ki, öz ərazisindən Rusiyanın istənilən nöqtəsinə dron göndərmək mümkündür. Belə olan halda başqa ölkələrin ərazilərindən istifadə edilməsinə nə ehtiyac var? Hər halda hesab edirəm ki, Rusiya tərəfi öz zəifliyini, həmçinin hava hücumundan müdafiə sistemlərinin səmərəsiz fəaliyyətini və bunun yaratdığı biabırçı vəziyyəti gizlətmək üçün bu cür saxta tezislər irəli sürür. Düşünmürəm ki, bu cür tezislərin mətbuatda tirajlanması Moskva-Bakı münasibətlərində ciddi gərginlik yaradacaq. Ancaq bütün hallarda bu, münasibətlərin normal olmadığını bir daha təsdiqləyir. Yəni Rusiyanın Azərbaycana münasibətinin səmimi olmadığını göstərən növbəti nümunələrdən biridir", - deyə ekspert vurğulayıb.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31