ABŞ-nin İrana endirdiyi hava zərbəsi barədə qarşı tərəfdən heç bir şərh yoxdur- ÖZƏL

"NATO-nun Ankara Zirvəsi zamanı ABŞ-nin İrana endirdiyi hava zərbəsinin nə anlam daşıdığı haqda qarşı tərəfdən, demək olar ki, heç bir şərh yoxdur. Bu isə iki halda baş verir: ya hədəfdən yan keçilir, məqsədə çatılmır, ya da zərbə o dərəcədə sərrast və sarsıdıcı olur ki, heyrətdən donub qalmaqdan başqa deməyə söz qalmır. Qazaxıstan və Türkmənistan üzərindən keçməklə dəmir yolu ilə İrana yüklərin daşındığı dəhliz boyunca körpülərin - Ağ Təkə və İncəburun-Qorqanın darmadağın edilməsi, paralel olaraq Bəndər-Abbas, Çabahar və Buşəhr limanlarının vurulması Rusiya ilə İranın sanksiyalardan yayınmaq, Çinin isə alternativ ticarət yolları qurmaq strategiyasına endirilən ağır zərbə idi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib: "Xatırladım ki, bu dəhlizlə ötən il 3,5 milyon ton yük daşınmışdı. Əgər son zamanlar qeydə alınan intensivlik davam etdirilsəydi, bu il həmin yoldan keçən yüklərin həcmi  Orta Dəhlizdəkindən çox olacaqdı. Çünki son vaxtlar həmin yolla Çin qatarlarının sayının 3 dəfə artdığı qeydə alınırdı. Digər malların daşınmasıyla yanaşı, Körfəz bağlı olduğu zaman İran neftinin önəmli bir hissəsi də Çinə məhz bu yolla çatdırılırdı. Rusiyanın ondan  Asiya, özəlliklə də Hindistan bazarına çıxış  və  İrandan hərbi təyinatlı məhsulların - dron hissələri və texnoloji komponentlərin təhlükəsiz daşınması üçün də istifadə etdiyi bildirilirdi. Buna son qoyuldu və dağıntıların böyüklüyü göstərir ki, özü də  uzun müddətə son qoyuldu.

Onu da deyək ki, paytaxt Tehranın qərbdəki vilayətlərlə əlaqəsini təmin edən Kərəcdəki B1 körpüsünün sıradan çıxarılması ilə yanaşı, Zəncanda da bir neçə oxşar obyekt havaya sovrulub. Bu isə artıq Hindistanla İranın Türkiyə və Ermənistan üzərindən Avropaya mal göndərmələrini əhəmiyyətli dərəcdə əngəlləyir. 

Beləliklə də, hər kəsin diqqətinə çatdırılır ki, Asiyanı Avropa ilə bağlayan ən təhlükəsiz quru yolu hazırda məhz Orta Dəhlizdir. Zəngəzurda böyük təmtaraqla Qacaran və Bərgüşad tunellərini  tikməyə başlayanların, bununla da Ermənistan üzərindən milyard dollar yatırım tələb edən Şimal-Cənub dəhlizi açmaq niyyətlərini ortaya qoyanların TRİP-ə alternativ marşrut yaratmaq planları isə elə plan olaraq da qalacaq.

Siz cənab Trampın nə dediyinə yox, nə etdiyinə baxın. Kimlərsə qələbədən dəm vura, şəbih çıxara, ət tökən tamaşalar göstərə bilərlər. ABŞ isə Prezidentinin bəzən gün ərzində üç dəfə dəyişən, ziddiyyətli və nizamsız təsir bağışlayan bəyanatları fonunda öz strateji məqsədinə doğru addım-addım irəliləməkdədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31