Peskovdan sərt reaksiya: NATO Rusiyanı əsas düşmən elan edib

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-ın Ukraynaya "Patriot" zenit-raket komplekslərinin istehsalı üçün lisenziya vermək planlarını və NATO-nun son sammitinin yekun bəyannaməsini sərt şəkildə tənqid edib.

Musavat.com xəbər verir ki, Kreml rəsmisi bildirib ki, Moskva ABŞ-ın Ukrayna ərazisində "Patriot" istehsalına dair niyyətlərindən xəbərdardır və bu sahədə Rusiyanın maraqlarını qorumaq üçün bütün lazımi addımların atılacağını vurğulayıb. Peskovun sözlərinə görə, Rusiyanın bu istiqamətdə hansı tədbirlər görəcəyi artıq dəqiqləşdirilib.

NATO-nun son sammitinin yekun bəyannaməsinə toxunan mətbuat katibi alyansın Rusiyanı özünün əsas rəqibi kimi tanıdığını və bunu rəsmən təsdiqlədiyini bəyan edib. O, NATO-nu yarandığı gündən etibarən məhz qarşıdurma aləti kimi xarakterizə edərək, təşkilatın öz mahiyyətini dəyişmədiyini qeyd edib. "Birini düşmən elan etmək birbaşa aqressiv hərəkətdir", - deyə Peskov vurğulayıb.

Kreml təmsilçisi bu təhdidlərin fonunda Rusiyanın güclü qalmalı olduğunu və ardıcıl siyasət yürüdəcəyini diqqətə çatdırıb. Peskov əlavə edib ki, yaranmış reallıqlar Rusiyanı texnoloji və iqtisadi cəhətdən daha sürətlə inkişaf etməyə və müdafiə qabiliyyətini gücləndirməyə məcbur edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31