S-400 böhranı və F-35 qırıcıları: Türkiyə ilə ABŞ necə kompromisə gələ bilər? – ÖZƏL
15:28 SiyasətABŞ Prezidenti Donald Tramp Ankarada Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla görüşündə NATO-dan məyus olduğunu və tədbir Türkiyədə keçirilməsəydi, iştirak etməyəcəyini bildirib. Türkiyənin güclü və sadiq tərəfdaş olduğunu vurğulayan Tramp, Ankaraya F-35 qırıcılarının verilməsini nəzərdən keçirəcəyini və bu məsələdə heç bir çəkinməsinin olmadığını bəyan edib.
"Donald Trampın bu bəyanatları ilk növbədə, ABŞ-Türkiyə münasibətlərində yeni siyasi səhifə açmaq istəyini göstərir, ancaq F-35 məsələsinin yalnız Ağ evin iradəsi ilə həll olunan texniki satınalma olmadığı bəllidir. Burada Konqresin mövqeyi, ABŞ qanunvericiliyi, NATO-nun təhlükəsizlik standartları və hərbi-texniki uyğunluq məsələləri də həlledici rol oynayır".
Bu sözləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında araşdırmaçı-yazar, türkoloq Əkbər Qoşalı deyib. Türkoloq bildirib ki, S-400 problemi isə mahiyyət etibarilə güvən problemidir. ABŞ hesab edir ki, Rusiya istehsalı olan bu sistemlə F-35 kimi beşinci nəsil qırıcıların eyni ölkədə istismarı müəyyən kəşfiyyat və texnoloji risklər yarada bilər. Türkiyə isə öz növbəsində - haqlı olaraq - hava hücumundan müdafiəsini təmin etməyin suveren dövlət hüququ olduğunu vurğulayır. Əlbəttə, tərəflər arasında kompromis variantları tam istisna edilmir. S-400-lərin aktiv döyüş növbətçiliyindən çıxarılması, məhdud rejimdə saxlanılması və ya onların F-35 infrastrukturundan tam ayrılması kimi texniki-hüquqi həllər nəzərdən keçirilə bilər, lakin bunun üçün ilk növbədə qarşılıqlı siyasi güvənin öncəki səviyyəsinə qayıtması gərəkdir. Trampın son açıqlamaları məhz bu güvənin bərpasına yönəlmiş siyasi ismarıc təsiri bağışlayır. Əgər Ankara ilə Vaşinqton strateji tərəfdaşlığı yenidən ön plana çıxara bilsə, F-35 məsələsinin də öncəkindən daha çevik formatda həllini tapması mümkündür. Bununla belə, yaxın perspektivdə S-400-dən tam imtina edilmədən F-35-lərin dərhal Türkiyəyə təhvil veriləcəyini gözləmək hələlik nikbin gümandan daha çox siyasi niyyət kimi görünür.
Səidə Ramazanova