Zəngəzur dəhlizi ilə bağlı yeni mərhələ: Vaşinqton, Bakı və İrəvan arasında koordinasiya güclənir- ÖZƏL

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Zəngəzur dəhlizinin Ermənistandan keçən avtomobil və dəmiryolu layihəsi ilə bağlı işlərin getdiyi barədə Azərbaycan tərəfi məlumatlandırılıb. Nazirin sözlərinə görə, ABŞ tərəfindən dəstəklənən bu layihə üzrə danışıqlar hazırda Vaşinqton və İrəvan arasında aparılır. Ceyhun Bayramov regional nəqliyyat marşrutunun (TRİPP) giriş və çıxış hissəsinin Azərbaycan ərazisi olduğunu, bu səbəbdən amerikalı tərəfdaşların Bakını proses barədə məlumatlandırdığını diqqətə çatdırıb. O, verilən vədlərə əsasən işlərin davam etdiyini və hazırda sənədləşmə mərhələsinin getdiyini vurğulayıb.

Mövzu ilə bağlı politoloq Tural İrfan Olaylar.az-a açıqlama verib:
" Azərbaycan və Ermənistan arasında sülh prosesi uğurla davam edir və müqavilənin rəsmiləşməsini qədər olan müddətdə də qarşılıqlı etimadın doğruldulması üçün müvafiq addımlar atılır. Bu prosesdən doğan müəyyən şərtlər və icra olunmalı məsələlər var ki, o da həyata keçirilir. TRİPP regional nəqliyyat marşrutunun həyata keçirilməsi istiqamətində də işlər gedir. Vaşinqtonun bu lahiyədə fəal rol alması təhlükəsizlik baxımından müsbət qiymətləndirilir. Çünki ABŞ-nin dəstəklədiyi Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu layihəsində Vaşinqtonun iştirakı, təhlükəsizliyi beynəlxalq qarant rolunu öz üzərinə götürməklə izah edilir. Bu, belə olduqda regional nəqliyyat dəhlizinin Rusiya və ya İrandan asılı olmadan ABŞ-nin siyasi və iqtisadi dəstəyi ilə qorunmasını təmin edir. Yolun sülh müqaviləsi olmadan açılmasına qaldıqda isə, TRIPP layihəsi rəsmi Vaşinqton, Bakı və İrəvan arasında paraflanmış sülh sazişinin mühüm tərkib hissəsi hesab olunur. Bu layihə Ermənistan və Azərbaycan arasında sülh sazişinin əsas elementidir. Azərbaycan kommunikasiyaların açılmasını sülh müqaviləsinin imzalanması üçün mühüm ön şərt kimi qiymətləndirir. Tamhüquqlu sülh müqaviləsinin imzalanması prosesinə paralel olaraq, etimadın yaradılması məqsədilə ABŞ-nin vasitəçiliyi ilə müəyyən tranzit və nəqliyyat hərəkətlərinə artıq başlanılması işin ümumi xeyrinədir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31