İrəvanın çətin seçimi: Paşinyan həm Rusiyanı, həm də İranı necə razı salacaq? – ÖZƏL
15:09 SiyasətErmənistan Qərbə (Aİ və ABŞ) inteqrasiyaya çalışsa da, Rusiya və İrandan asılılığı səbəbindən çətin geosiyasi vəziyyətdədir. Ölkə iqtisadi və enerji baxımından Moskvanın təsirindədir; eyni zamanda Tehran da İrəvanı regionda əsas strateji tərəfdaşı kimi saxlamaq niyyətindədir.
İranın Ermənistandakı səfiri Xəlil Şirqolami tərəflər arasında nəqliyyat, enerji və təhlükəsizliyi əhatə edən strateji sənəd üzərində iş getdiyini və imzalanma üçün ciddi iradə olduğunu bildirib. Ekspertlərə görə, Ermənistanın Rusiya və İranın maraqlarını nəzərə almadan Qərbə yönəlmək imkanları olduqca məhduddur.
Bəs Ermənistan bu çətin vəziyyətdən necə çıxacaq? Perspektivlər nə vəd edir?
"Ermənistan artıq Qərbə inteqrasiya prosesini seçib. Yəni Nikol Paşinyanın parlament seçkilərində qələbə qazanması və digər amillər faktiki olaraq onu göstərir ki, Ermənistan bu yoldadır və bu yoldan geri dönüş yoxdur. Ermənistan cəmiyyəti də bu kursu dəstəkləyir. Mövcud perspektivlər və müşahidələr onu göstərir ki, Ermənistan mərhələli şəkildə Qərbə inteqrasiya edəcək, yəni Qərb blokuna yaxınlaşacaq".
Bu fikirləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Siyasi şərhçi bildirib ki, bu proses nə Rusiyanın, nə də İranın maraqlarına uyğundur. İranın Ermənistanla bağlı mövqeyində hazırda müəyyən tərəddüdlər müşahidə olunur. İran tərəfindən artıq bəzi şəxslər, rəsmi səviyyədə olmasa da, Nikol Paşinyanın əleyhinə açıqlamalar verirlər. Xüsusilə də Ermənistanda keçirilən etiraz aksiyalarında keşiş Baqrat Qalstanyanın ön planda olması diqqət çəkirdi. Onun İran və İrandakı müəyyən dairələrlə əlaqələri barədə də müxtəlif iddialar və şübhələr mövcuddur. Rusiya isə İrandan fərqli olaraq Ermənistana münasibətini daha açıq şəkildə ifadə edir. Faktiki olaraq bildirir ki, əgər Ermənistan Rusiyanın maraqlarını nəzərə almadan Qərbə doğru inteqrasiya etməyə çalışarsa, ciddi problemlərlə üzləşə bilər. Yəni bu məsələlərlə bağlı Ermənistan Rusiya tərəfindən təzyiq altında saxlanılır. Rusiyanın rəsmi şəxslərinin də bu istiqamətdə müxtəlif açıqlamaları var və həmin açıqlamalarda mümkün problemlərə diqqət çəkilir. Eyni zamanda, İrandan fərqli olaraq Rusiyanın Ermənistan üzərində təsir imkanları daha genişdir. Nəzərə almaq lazımdır ki, Ermənistanda Rusiyanın hərbi bazası fəaliyyət göstərir. Böyük ehtimalla, məhz buna görə də Ermənistanın Rusiya və İranın mövqeyini tamamilə nəzərə almadan Qərbə doğru irəliləməsi ölkə daxilində müəyyən müzakirələr və tərəddüdlər yaradır. Ermənistan çalışacaq ki, müəyyən dərəcədə həm Rusiyanı, həm də İranı razı salmağa cəhd etsin. Ancaq buna baxmayaraq, narazılıqların yaranacağı qaçılmaz görünür. Yəni Ermənistan bütün bunları hesablayaraq Qərbə inteqrasiya kursunu seçib. Rəsmi İrəvan yaxşı anlayır ki, bu prosesin sonunda İran və Rusiya kimi qonşuları ilə münasibətlərdə müəyyən gərginliklərin yaranması ehtimalı yüksəkdir.
Səidə Ramazanova