Türkiyənin NATO-dakı rolu güclənir: Geosiyasi əhəmiyyəti yenidən ön plana çıxır - ÖZƏL
14:50 SiyasətSon dövrlərdə beynəlxalq təhlükəsizlik mühitində baş verən dəyişikliklər Türkiyənin NATO daxilindəki strateji əhəmiyyətini daha da artırıb. Ukrayna-Rusiya müharibəsi, Yaxın Şərqdə artan gərginlik və İran ətrafındakı proseslər fonunda Ankaranın regional və qlobal təhlükəsizlik məsələlərində oynadığı rol daha aydın görünür. Bu vəziyyət Türkiyənin həm alyans daxilindəki mövqeyini möhkəmləndirir, həm də müdafiə sənayesi sahəsində əldə etdiyi uğurların əhəmiyyətini artırır.
Bu fikirləri siyasi şərhçi Əziz Əlibəyli Olaylar.az-a açıqlamasında bildirib:
"Təbii ki, bundan ən çox qazanan tərəflərdən biri Türkiyədir. Çünki Türkiyənin təhlükəsizlik sistemindəki rolu bir daha təsdiqləndi və onun əhəmiyyəti aydın şəkildə ortaya çıxdı. NATO ölkələrinin Türkiyəyə böyük ehtiyac duyduğu bir daha göründü. Bu da təbii olaraq Türkiyənin beynəlxalq arenadakı mövqeyini və təsir imkanlarını daha da gücləndirir.
Xüsusilə Ukrayna-Rusiya müharibəsi və İran ətrafında yaranmış vəziyyət Türkiyənin geosiyasi əhəmiyyətini daha da artırıb. Bu proseslər fonunda Ankara regional və qlobal təhlükəsizlik məsələlərində vacib aktorlardan birinə çevrilib.
Təbii ki, hədiyyələr və simvolik jestlər də müəyyən məna daşıyır, lakin əsas məsələ Türkiyənin strateji rolunun getdikcə artmasıdır. Bundan əlavə, Türkiyə müdafiə sənayesi sahəsində əldə etdiyi nailiyyətlərlə bir çox NATO üzvünü qabaqlayan ölkələrdən biri hesab olunur və bu amil də onun alyans daxilindəki çəkisini artırır."
İbrahim Məmmədli