Region daha ağır nəticələr doğura biləcək yeni bir müharibə ilə üzləşə bilər – ÖZƏL
13:48 SiyasətTrampın ziddiyyətli bəyanatları: ABŞ və İran yenidən danışıqlar masasına oturacaq?"ABŞ və İran arasında bağlanan memorandum təbii ki, kövrək xarakter daşıyırdı və heç kim əmin deyildi ki, o, hər an pozula bilər. Əvvəl verdiyim açıqlamada da demişdim ki, bu memorandum hər an pozula bilər, hər an hansısa təxribat baş verə bilər".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib. Siyasi şərhçi bildirib ki, tərəflər memorandumda göstərilən şərtlərlə bağlı ümumi razılığa gəlsələr də, detallarda razılıq əldə edə bilmirdilər. ABŞ-nin irəli sürdüyü şərtlər İranı qane etmirdi, İranın irəli sürdüyü şərtlər isə ABŞ üçün qəbuledilməz idi. Əslində, tərəflər də bu şərtləri tam şəkildə həyata keçirmək niyyətində deyildilər. ABŞ deyirdi ki, İranın nüvə proqramı olmayacaq. İran isə bununla tam razılaşmırdı və fərqli mövqe sərgiləyirdi. Hörmüz boğazı ilə bağlı da ciddi fikir ayrılığı var idi. ABŞ hesab edirdi ki, bu boğazdan tam sərbəst istifadə olunmalı, heç bir ödəniş və ya rüsum tətbiq edilməməlidir. İran isə bildirirdi ki, bu, yalnız İranın razılığı ilə və müəyyən ödəniş qarşılığında mümkündür. Yəni o qədər mübahisəli məsələlər var idi ki, tərəflər sadəcə 60 gün vaxt istəyirdilər ki, bütün bu detallar araşdırılsın. Hətta Tramp demişdi ki, bu müddət 60 gündən də çox çəkə bilər. Deməli, birinci səbəb o idi ki, tərəflərin irəli sürdüyü şərtlər demək olar ki, tamamilə bir-birinə zidd idi. Bununla yanaşı, hər iki tərəfin müvəqqəti atəşkəsə ehtiyacı var idi. Çünki ABŞ də müəyyən məqsədlərinə tam nail ola bilməmişdi və gözlənilməz problemlərlə üzləşmişdi. İran üçün də vaxt lazım idi. Hər iki tərəf bu vaxtı atəşkəs hesabına qazanmaq istəyirdi. Digər tərəfdən, dəfələrlə qeyd etmişəm ki, İsrail tərəfi, xüsusilə Netanyahu hökuməti, bu memorandumun və atəşkəsin baş tutmasını heç cür istəmirdi. İsrailin indiki hakimiyyəti bunu gizlətmirdi və müharibənin davam etməsində maraqlı idi. Çünki Yaxın Şərqdə davam edən müharibələr Netanyahu hakimiyyətinin ömrünü uzadan amillərdən biri hesab olunur. Netanyahu bu baxımdan öz siyasi maraqlarını da güdürdü. Məhz buna görə də belə bir memorandumun hər an pozulmaq ehtimalı var idi və gördüyünüz kimi, nəticədə buna bəhanə də tapıldı və memorandum pozuldu. Qaldı ABŞ ilə İranın nə vaxt yenidən danışıqlar masasına oturacağı məsələsinə. Açığı, yaxın müddətdə bunun baş verəcəyini təsəvvür etmirəm. Çünki həmin memorandum sülh sazişi deyildi. O, sadəcə 60 günlük atəşkəs memorandumu idi və məqsəd bu müddət ərzində müəyyən razılığa gəlmək idi. Hadisələrin gedişi də göstərdi ki, tərəflər kompromis əldə edə bilmirlər.
Bəs onları kompromisə nə vadar edə bilər?
Düşünürəm ki, yenidən müəyyən müddətlik atəşkəsə getmək mümkün ola bilər. Buna təsir edə biləcək amillərdən biri ABŞ-də noyabr ayında keçiriləcək Konqres seçkiləridir. Bu seçkilər aralıq seçkiləri hesab olunur və hazırda Trampın mənsub olduğu Respublikaçılar Partiyasının həmin seçkilərdə zəifləməsi və ya məğlub olması ehtimalı kifayət qədər yüksək qiymətləndirilir. Belə bir vəziyyətdə Tramp siyasi baxımdan müəyyən mənada yenidən atəşkəsə üstünlük verə bilər. Digər tərəfdən, əgər İranın infrastrukturu daha ciddi zərbələr alsa və ölkə daxilində vəziyyət daha da kəskinləşsə, bu da İranı müəyyən kompromis variantlarını nəzərdən keçirməyə məcbur edə bilər. Bundan başqa, hazırkı şəraitdə başqa real kompromis variantı tapmaq çox çətindir. Biz Trampın apardığı siyasətin şahidiyik və onun növbəti addımını proqnozlaşdırmaq çox çətindir. Səhər bir söz deyib, axşam tamam başqa qərar verə bilir. Hətta dünən və srağagün Ankaradakı çıxışlarında, görüşlərində və mətbuat konfranslarında bir-birini təkzib edən bəyanatlar səsləndirdi. Daha sonra ABŞ-yə qayıdarkən təyyarədə də bildirdi ki, vəziyyəti həm genişləndirə, həm də dayandıra bilər. Bir tərəfdən deyir ki, İran zəif zərbə endirdi, digər tərəfdən isə bildirir ki, atəşkəs pozulduqdan sonra İran yenidən müraciət etdi. İran tərəfi isə tamamilə fərqli mövqe nümayiş etdirir. Xüsusilə SEPAH rəhbərliyi bildirir ki, onlar sona qədər mübarizə aparacaqlar və geri çəkilmək niyyətində deyillər. Yəni hazırkı mərhələdə regionda ABŞ ilə İran arasında davamlı sülhün əldə olunacağını gözləmirəm. Əksinə, əgər gərginlik daha da artsa və eskalasiya dərinləşsə, region daha ağır nəticələr doğura biləcək yeni bir müharibə ilə üzləşə bilər.
Səidə Ramazanova