Trampın mesajı nə vəd edir? Türkiyənin F-35 yolunda yeni mərhələ- ÖZƏL
13:32 Siyasət"ABŞ Prezidenti Donald Trampın Ankarada səsləndirdiyi bu fikirlər rəsmi Vaşinqtonun Türkiyənin regionda və qlobal miqyasda artan hərbi-siyasi çəkisini tam mənası ilə qəbul etdiyinin bariz göstəricisidir. Türkiyənin son illərdə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında yeritdiyi tam müstəqil, milli maraqlara əsaslanan xarici siyasət və yerli müdafiə sənayesində imza atdığı tarixi sıçrayışlar onu NATO daxilində sadəcə bir üzv deyil, həlledici güc mərkəzinə çevirib. Trampın "digər ölkələrdən daha sadiq" ifadəsi isə Türkiyənin beynəlxalq müqavilələrə və tərəfdaşlıq öhdəliklərinə sadiq qalan güvənli statusunu bir daha təsdiqləyir".
Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında söyləyib:
"S-400 raket sistemləri və F-35 qırıcıları ətrafındakı düyünə gəldikdə isə, Türkiyənin bu məsələdə nümayiş etdirdiyi qətiyyətli və prinsipial mövqe Ağ Evi reallıqla hesablaşmağa məcbur edir. ABŞ-ın indiyə qədər irəli sürdüyü "S-400 olan yerdə F-35 ola bilməz" tezisi artıq Türkiyənin geosiyasi əhəmiyyəti qarşısında öz qüvvəsini itirməkdədir. Bəs Türkiyə S-400-lərdən imtina etmədən F-35-ləri ala bilərmi və bunun hansı həll yolları var?
Analitik baxımdan yanaşdıqda, bu problemin həlli üçün masada bir neçə ciddi ssenari və kompromis variant mövcuddur. İlk növbədə, texniki və coğrafi izolyasiya formulu ən real çıxış yollarından biridir. Türkiyə S-400 sistemlərini tamamilə aktiv vəziyyətdə saxlasa da, onları NATO infrastrukturuna və F-35-lərin uçuş zonalarına inteqrasiya etmədən, ayrıca bir milli hava hücumundan müdafiə şəbəkəsi kimi fəaliyyət göstərməsini təmin edə bilər. ABŞ-ın əsas qorxusu S-400 radarlarının F-35-lərin gizlilik (stealth) texnologiyasına dair məlumatları kəşf etməsidir. Türkiyə bu sistemlərin bir-birindən tam təcrid olunmuş bölgələrdə yerləşdirilməsi və proqram təminatı səviyyəsində qarşılıqlı bloklanması barədə ABŞ-a güclü texniki zəmanətlər verə bilər. ABŞ və Türkiyə hərbi mütəxəssislərindən ibarət birgə texniki komissiyanın yaradılması və bu prosesə nəzarət etməsi tamamilə mümkündür.
Digər bir çıxış yolu isə "üçüncü tərəf formuludur". S-400-lərin mülkiyyət hüququ Türkiyədə qalmaq şərtilə, onların statusunun hüquqi cəhətdən yenidən formalaşdırılması masaya gələ bilər. Məsələn, bu sistemlərin Türkiyə daxilində, lakin strateji baxımdan neytral və ya fərqli statuslu bir bazada (məsələn, birgə istifadə olunmayan xüsusi hərbi obyektdə) saxlanılması və ya yalnız böhran anlarında aktivləşdirilməsi şərti ilə "passiv növbətçilik" rejiminə keçirilməsi ABŞ administrasiyasına daxili konqres təzyiqini azaltmaq üçün siyasi bəhanə verə bilər.
Nəhayət, ən mühüm amil Donald Trampın şəxsi liderlik xarakteri və praqmatizmidir. Tramp bürokratik maneələri və standart qəlibləri sındırmağı sevən bir liderdir. O, Türkiyə kimi nəhəng bir hərbi gücü F-35 proqramından kənarda saxlamağın ABŞ-ın öz hərbi sənayesinə vurduğu maddi ziyanı və NATO-nun cənub cinahını zəiflətdiyini yaxşı anlayır. Trampın "heç bir çəkinəcəyim yoxdur" bəyanatı rəsmi Vaşinqtonun S-400 məsələsini tamamilə bitmiş bir reallıq kimi qəbul etməyə başladığının rəmzidir.
Türkiyə bu müddət ərzində KAAN milli beşinci nəsil qırıcısı daxil olmaqla, öz hərbi aviasiya layihələrini sürətləndirərək heç kimdən asılı olmadığını onsuz da sübut edib. İndi şərtləri diktə edən tərəf məhz rəsmi Ankaradır. ABŞ isə Türkiyə ilə strateji müttəfiqliyi xilas etmək üçün S-400 reallığı ilə barışaraq F-35-lərin tədarükünə yaşıl işıq yandırmağın hüquqi formatını tapmağa məhkumdur".
Zeynəb Mustafazadə