Bəhruz Quliyev: "TRIPP layihəsi sadəcə nəqliyyat marşrutu deyil, strateji platformadır" – ÖZƏL
13:11 Siyasət"ABŞ-nin Zəngəzur yolunun açılmasında, yəni TRIPP layihəsində fəal iştirak etməsi onu göstərir ki, Vaşinqton Cənubi Qafqazda təkcə siyasi vasitəçi kimi deyil, həm də iqtisadi və nəqliyyat təhlükəsizliyinin təminatçılarından biri kimi çıxış etmək niyyətindədir. Bu, regionda formalaşan yeni təhlükəsizlik arxitekturasının mühüm tərkib hissəsi hesab oluna bilər. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun səsləndirdiyi fikirlər də onu göstərir ki, layihə ilə bağlı proseslər artıq konkret mərhələyə keçib və tərəflər sənədləşmə üzərində işləyirlər. Bu isə onu deməyə əsas verir ki, regional kommunikasiyaların açılması istiqamətində praktiki addımlar sürətlənir."
Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib. Ekspert qeyd edib ki, Vaşinqtonun bu layihəyə dəstək verməsi ilk növbədə Zəngəzur istiqamətində yaradılacaq nəqliyyat xəttinin beynəlxalq təminat mexanizmləri ilə müşayiət olunacağına işarədir. Bu, həm investorların etimadını artırır, həm də marşrutun uzunmüddətli sabit fəaliyyətinə əlavə siyasi zəmanət yaradır. Digər tərəfdən, ABŞ-nin prosesdə fəallaşması regionda Rusiya, Türkiyə, Avropa İttifaqı və digər aktorlar arasında yeni geosiyasi balansın formalaşmasına təsir göstərən amillərdən biridir. Sülh müqaviləsi imzalanmadan TRIPP layihəsinin reallaşması məsələsinə gəldikdə isə, nəzəri baxımdan bu mümkündür. Əgər tərəflər konkret nəqliyyat layihələri üzrə ayrıca hüquqi mexanizmlər və beynəlxalq təminatlar barədə razılığa gələ bilsələr, kommunikasiyaların mərhələli şəkildə istifadəyə verilməsi istisna edilmir. Dünya praktikasında da belə nümunələr mövcuddur ki, nəqliyyat və iqtisadi əməkdaşlıq tam siyasi normallaşmadan əvvəl başlayıb, sonradan isə sülh prosesini sürətləndirən amilə çevrilib.
"Düşünürəm ki, layihənin reallaşmasında ən dayanıqlı və uzunmüddətli model yenə də Azərbaycan ilə Ermənistan arasında hərtərəfli sülh sazişinin imzalanmasıdır. Çünki hüquqi cəhətdən tam təmin olunmuş sülh müqaviləsi regional layihələrin təhlükəsizliyini, investorların maraqlarını və kommunikasiyaların fasiləsiz fəaliyyətini daha etibarlı şəkildə təmin edir. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycan regionda qarşıdurmanın deyil, əməkdaşlığın tərəfdarıdır. Zəngəzur istiqamətində açılacaq kommunikasiya xətləri yalnız Azərbaycan üçün deyil, Ermənistan, Türkiyə və bütövlükdə Avrasiya məkanında ticarət və logistika imkanlarının genişlənməsinə xidmət edəcək. Bu baxımdan TRIPP layihəsi sadəcə nəqliyyat marşrutu deyil, Cənubi Qafqazın gələcək iqtisadi və siyasi inteqrasiyasını müəyyənləşdirəcək strateji platformalardan biri kimi qiymətləndirilməlidir", - B.Quliyev əlavə edib.
Səidə Ramazanova