Avropa Məhkəməsindən şok statistika - 67 müraciətdən yalnız biri təmin olundu

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 22-26 iyun 2026-cı il tarixlərini əhatə edən həftəlik fəaliyyətinə dair müvəqqəti tədbirlər (Məhkəmə Reqlamentinin 39-cu maddəsi) üzrə statistik məlumatları açıqlayıb.

Qurumun yaydığı rəsmi press-relizə istinadən verdiyi xəbərə görə, hesabat dövründə Strasburq məhkəməsinə daxil olan müraciətlərin böyük əksəriyyəti rədd cavabı alıb.
Məlumata görə, qeyd olunan bir neçə gün ərzində məhkəməyə 39-cu maddə çərçivəsində təxirəsalınmaz müvəqqəti tədbirlərin görülməsi ilə bağlı cəmi 67 müraciət daxil olub. Aparılan araşdırmalardan sonra AİHM cəmi 1 müraciəti təmin edib. Bu müraciət İspaniyaya qarşı qaldırılan iddialar arasından seçilib.

Yerdə qalan 66 müraciət isə təmin olunmayıb. Onlardan 10-u birbaşa məhkəmə heyəti tərəfindən rədd edilib, 56-nın isə ümumiyyətlə 39-cu maddənin hüquqi əhatə dairəsinə (müvəqqəti tədbirlərin predmeti statusuna) uyğun gəlmədiyi müəyyən olunub.
AİHM-in açıqladığı ölkələr üzrə statistik cədvəldə diqqətçəkən məqamlar yer alıb. Belə ki, hesabat həftəsində ən çox müvəqqəti tədbir tələb edən ölkə Almaniya olub - 11 müraciətin hamısı rədd edilib. İkinci yerdə isə 7 müraciətlə İsveçrə qərarlaşıb.

Qardaş Türkiyədən daxil olan 5 müraciətin, eləcə də Estoniyadan edilən 5 iddiaların heç biri təmin olunmayıb. Müharibə şəraitində olan Ukraynadan və Böyük Britaniyadan daxil olan 4 müraciət də rədd edilənlər siyahısındadır. Postsovet məkanından Gürcüstandan 2, Ermənistandan isə 1 müraciət daxil olsa da, Strasburq məhkəməsi bu sorğuları da cavabsız qoyub.

Müvəqqəti tədbirlər niyə bu qədər çətin tətbiq olunur?

Məhkəmənin rəsmi izahatında bildirilir ki, 39-cu maddə çərçivəsində qəbul edilən qərarlar müstəsna xarakter daşıyır və yalnız bərpaolunmaz fəsadların, insan hüquqlarına birbaşa və qaçılmaz təhlükələrin (məsələn, ekstradiya, deportasiya zamanı işgəncə riski və ya həyati təhlükə) qarşısını almaq məqsədilə icra olunur.

Statistika da göstərir ki, son iki ildə (2024-2025-ci illər) icraatda olan ümumi işlərin cəmi 0,3%-i müvəqqəti tədbirlərin qüvvədə olduğu işlərdir. Ümumilikdə isə AİHM-ə edilən bu qəbildən olan müraciətlərin təxminən 80%-i hüquqi əsassızlıq, vaxtından əvvəl verilmə və ya sənədlərin tam olmaması səbəbindən hakim tərəfindən baxılmadan rədd edilir.
Qeyd edək ki, müvəqqəti tədbirlərin tətbiqi işin mahiyyəti üzrə son qərar statusunda deyil və məhkəmənin gələcəkdə çıxaracağı yekun hökmə təsir göstərmir. Musavat.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31