Ermənistan yanacaq sınağı qarşısında: Alternativlər nə qədər realdır? - ÖZƏL
12:24 Siyasət"Şübhəsiz ki, Rusiyanın ciddi yanacaq böhranı ilə üzləşməsi ondan asılı olan ölkələri, ilk növbədə isə Ermənistanı ağır vəziyyətə sala bilər. Bu, bir növ Ermənistanın Avrasiya İqtisadi Birliyindən çıxaraq Avropa Birliyinə inteqrasiya etməyə çalışacağı təqdirdə Rusiyadan ala biləcəyi enerji zərbəsinin imitasiyası kimi qiymətləndirilə bilər. Yəni hadisələr fərqli formada olsa da, mahiyyət etibarilə gözlənilən proseslər baş verir."
Bu fikirləri siyasi şərhçi Aydın Quliyev Olaylar.az-a açıqlamasında bildirib:
"Prinsipcə, Rusiyanın Ermənistana yanacaq təchizatını dayandırması, yaxud qiymətləri kəskin şəkildə artırması ilə ixracın ümumiyyətlə dayanması arasında ciddi fərq yoxdur. Aydındır ki, Ermənistan bu vəziyyətdən çıxış yolları axtarmağa məcbur olacaq. Bunun ən qısa yolu isə ilk növbədə qonşu ölkələrdə həll yolları axtarmaqdır. Ermənistan hazırda elə bir durumdadır ki, ölkənin enerji təminatını qorumaq üçün bütün qonşularına üz tutmağa məcbur qala bilər. O cümlədən uzun illər düşmən hesab etdiyi Türkiyə və Azərbaycana yanacaq məsələsində müraciət etmək İrəvan üçün olduqca mürəkkəb siyasi qərar olacaq.
Təbii ki, Rusiya Ermənistanın yanacaq sahəsində çətinliklərlə üzləşməsində maraqlı ola bilər. Bununla belə, Ermənistanın müəyyən alternativləri də mövcuddur. Xüsusilə Azərbaycanın Ermənistana yönələn tranzit yüklərlə bağlı bəzi məhdudiyyətləri aradan qaldırması həm İran, həm də Ermənistan üçün yeni imkanlar yarada bilər. Əgər Ermənistan kifayət qədər praqmatik yanaşma nümayiş etdirərsə, hətta Zəngəzur dəhlizinin qısa müddətdə açılması istiqamətində də addımlar ata bilər. Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri hansı səviyyədə qura bilməsi onun mövcud vəziyyətdən çıxışını xeyli asanlaşdıra bilər.
Avropa ölkələrinin də Ermənistanın yanacaq təminatı ilə bağlı müəyyən variantlar üzərində düşünəcəyi ehtimal olunur. Lakin hazırkı şəraitdə bu məsələnin Gürcüstan üzərindən həlli müəyyən çətinliklərlə müşayiət olunur. Çünki Gürcüstanla Avropa arasında münasibətlər tam hamar deyil və belə bir şəraitdə Avropanın təşəbbüsü ilə Qara dəniz limanları vasitəsilə Ermənistana yanacaq çatdırılması layihəsinin reallaşması asan görünmür.
Digər alternativ İran istiqamətidir. İranın Ermənistana əlavə həcmdə yanacaq çatdırması Naxçıvan üzərindən dəmir yolu və ya digər nəqliyyat marşrutları vasitəsilə mümkün ola bilər. Bu isə yenə də Azərbaycan-Ermənistan münasibətlərinin səviyyəsindən asılıdır. Sülh sazişi imzalanmadığı təqdirdə Azərbaycanın öz ərazisi üzərindən İran yanacağının Ermənistana daşınmasına hansı münasibəti göstərəcəyi gələcəyin məsələsidir.
Başqa bir variant isə Ermənistanın nisbətən yaxşı münasibətlərə malik olduğu Qazaxıstandan yanacaq idxal etməsidir. Bu halda yanacaq Xəzər dənizi və Azərbaycan ərazisi vasitəsilə Ermənistana çatdırıla bilər. Həmin marşrut faktiki olaraq mövcuddur və indiyədək əsasən Qazaxıstan taxılının Ermənistana daşınması üçün istifadə olunub. Yanacaq daşımalarının həyata keçirilməsi isə yeni və pilot xarakterli layihə ola bilər.
Nəhayət, ən real variantlardan biri, nə qədər çətin görünsə də, Ermənistanın Azərbaycandan yanacaq almağa çalışmasıdır. Bu məsələdə də əsas amil Ermənistan-Azərbaycan münasibətlərinin səviyyəsi olacaq. Ermənistan Azərbaycanın etimadını qazanmaq üçün ciddi addımlar atmalı, mümkün olan bütün imkanlardan istifadə etməlidir. Yalnız bu halda Azərbaycan Rusiyadan enerji təchizatında problemlərlə üzləşən Ermənistana daha çox yanacaq ixrac etməyə maraq göstərə bilər.
Bir sözlə, Ermənistan gələcəkdə qarşılaşa biləcəyi daha ciddi çətinliklərin nisbətən yüngül variantını artıq yaşamağa başlayır. Bu mərhələdən necə çıxacağı isə Rusiya ilə münasibətlərin daha da gərginləşəcəyi təqdirdə, Rusiyanın yanacağı olmadan fəaliyyət göstərə bilib-bilməyəcəyinin bir növ sınağı olacaq."
İbrahim Məmmədli