"Ermənistan Konstitusiyasını dəyişsə, gələn ilin ortalarına qədər yekun sülh imzalana bilər" – ÖZƏL
12:17 SiyasətABŞ senatoru Stiv Deyns Prezident İlham Əliyevlə görüşündə Vaşinqton-Bakı münasibətlərinin uğurlu inkişafını və Azərbaycanın sülh prosesindəki liderliyini yüksək qiymətləndirib. Qeyd edək ki, bundan əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və ABŞ Prezidenti Donald Tramp da rəsmi Bakının regional sülhün bərqərar olmasındakı mühüm rolunu və sülh müqaviləsi ilə bağlı böyük gözləntilərini xüsusi vurğulamışdılar.
Maraqlıdır, ABŞ və Avropadan ölkəmizə artan səfərlərin sülh prosesi ilə bağlılığı varmı? Yekun saziş nə vaxt, harada imzalana bilər?
"Hazırda Cənubi Qafqaz regionu tarixi bir geosiyasi mərhələyə qədəm qoyub. Çünki bu mərhələ bütövlükdə regionun gələcək taleyini və inkişaf perspektivlərinin istiqamətlərini ciddi şəkildə dəyişə bilər. Bu prosesdə iki əsas məsələ ön planda dayanır. Birincisi, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması, ikincisi isə TRIPP layihəsinin reallaşdırılmasıdır".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçi bildirib ki, üstəlik, bu iki proses bir-biri ilə birbaşa bağlı görünür. Çünki TRIPP layihəsinin həyata keçirilməsi və təhlükəsiz şəkildə fəaliyyət göstərməsi, yəni Zəngəzur dəhlizinin təhlükəsiz istismarı üçün Cənubi Qafqazda sülhün və sabitliyin hökm sürməsi olduqca vacibdir. Bu isə yalnız Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması ilə mümkün ola bilər. Ona görə də hazırda yekun sülh sazişinin imzalanması ehtimalı kifayət qədər yüksək qiymətləndirilir. Əgər Paşinyan hakimiyyəti mövqeyindən geri çəkilməzsə və yekun sülh sazişinin imzalanması ilə bağlı verdiyi əvvəlki bəyanatlara sadiq qalarsa, Ermənistan Konstitusiyasına zəruri dəyişikliklərin edilməsi şərti ilə bu ilin sonuna və ya gələn ilin ortalarına qədər yekun sülh sazişinin imzalanmasına nail olmaq mümkündür. Bundan sonra isə paralel şəkildə nəzərdə tutulan TRIPP marşrutunun işə salınması da reallaşa bilər.
Ekspertin sözlərinə görə, hazırda yekun sülh sazişinin imzalanması həm də Rusiyanın bölgədəki təsir imkanlarının azalması və regiondan tədricən uzaqlaşdırılması baxımından da mühüm əhəmiyyət kəsb edir. Təbii ki, bütün bunlar həm Amerika Birləşmiş Ştatlarının, həm də Avropa İttifaqının geosiyasi, geostrateji və geoiqtisadi maraqlarına uyğundur. Məhz buna görə də onlar Azərbaycanın Cənubi Qafqazda lider dövlət olduğunu nəzərə alır, ölkəmizin sülh prosesində və TRIPP marşrutunun reallaşdırılmasında oynadığı əvəzsiz rolu xüsusi olaraq vurğulayırlar. Eyni zamanda Azərbaycanla münasibətləri daha yüksək səviyyəyə qaldırmağa çalışırlar. Bu isə yaxın perspektivdə Azərbaycanın qlobal məkanda siyasi, iqtisadi və strateji imkanlarının daha da genişlənməsinə şərait yarada bilər.
Səidə Ramazanova