Akif Nəsirli: "Yeni platforma ölkədə biznes proseslərini xeyli asanlaşdıracaq" – ÖZƏL
17:15 SiyasətBirinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib. İclasda dövlət xidmətlərinin vahid rəqəmsal ekosistemdə birləşdirilməsi və idarəetmənin səmərəliliyinin artırılması əsas prioritetlər kimi müəyyən olunub. Bu çərçivədə dövlətlə sahibkarlar arasında "vahid pəncərə" rolunu oynayacaq "mygov Biznes" platformasının sınaqları uğurla başa çatıb və dövlət qurumlarının xidmətlərinin bura inteqrasiyasına başlanılıb. Yeni platforma biznes subyektlərinə bütün dövlət xidmətlərindən vahid məkandan yararlanmaq imkanı verəcək.
Mövzunu iqtisadçı ekspert Akif Nəsirli Olaylar.az-a şərh edib. İqtisadçı bildirib ki, "mygov Biznes" platformasının tətbiqi sahibkarlarla dövlət qurumları arasında əlaqələri daha sadə, sürətli və şəffaf edəcək. Müxtəlif dövlət xidmətlərinin vahid rəqəmsal platformada birləşdirilməsi sahibkarların fərqli qurumlara ayrıca müraciət etməsi ehtiyacını azaldacaq, vaxt və maliyyə itkilərinin qarşısını alacaq. Lisenziya, icazə, qeydiyyat, vergi və digər inzibati xidmətlərə bir məkandan çıxış imkanının yaradılması biznes proseslərini xeyli asanlaşdıracaq. Bu sistem eyni zamanda bürokratik maneələrin azalmasına, sənəd dövriyyəsinin tam rəqəmsallaşmasına və xidmətlərin daha operativ göstərilməsinə şərait yaradacaq. Dövlət qurumları arasında məlumat mübadiləsinin güclənməsi sahibkarlardan eyni məlumatın dəfələrlə tələb olunmasının qarşısını alacaq və qərarların qəbulunu sürətləndirəcək. Rəqəmsal xidmətlərin genişlənməsi kiçik və orta sahibkarlıq subyektləri üçün daha əlverişli biznes mühiti formalaşdıracaq, yeni biznesin qurulmasını və mövcud müəssisələrin fəaliyyətinin genişləndirilməsini stimullaşdıracaq.
"Şəffaflığın artması korrupsiya risklərini azaltmağa, dövlət xidmətlərinə etimadı gücləndirməyə və investisiya mühitinin daha da yaxşılaşmasına müsbət təsir göstərəcək. Nəticədə, platforma ölkədə sahibkarlığın rəqabət qabiliyyətinin yüksəlməsinə, iqtisadi fəallığın artmasına və rəqəmsal iqtisadiyyatın inkişafına mühüm töhfə verəcək", - deyə iqtisadçı əlavə edib.
Səidə Ramazanova