Bakı, Ankara və İrəvan arasında yeni enerji xətti: Kim nə qazanacaq? – ÖZƏL
16:31 Siyasət"Paşinyanın Azərbaycan və Türkiyə ilə elektrik enerjisi əlaqələrinin qurulması barədə səsləndirdiyi fikirlərin iqtisadi baxımdan real potensiala malik olduğunu düşünürəm. Ancaq burada mühüm bir məqam var".
Bu sözləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib. İqtisadçı bildirib ki, belə bir layihənin reallaşması yalnız iqtisadi və ya texniki məsələlərdən ibarət deyil. Otuz il ərzində siyasi və ticarət əlaqələrinin kəsilməsi bir sıra problemlər yaradıb. Buna görə də layihənin həyata keçirilməsi ilk növbədə texniki deyil, siyasi və geosiyasi amillərdən asılı olacaq. Regionda davamlı sülhün bərqərar olması, kommunikasiyaların açılması və bu üç ölkə arasında qarşılıqlı etimadın formalaşması belə enerji layihələrinin həyata keçirilməsi üçün əsas şərtlərdir. Əgər bu layihə reallaşarsa, hər üç ölkə üçün mühüm iqtisadi və enerji üstünlükləri yarana bilər. Azərbaycan üçün bu, elektrik enerjisinin ixrac marşrutlarının genişləndirilməsi, xüsusilə də bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin yeni bazarlara çıxarılması baxımından əlavə imkanlar yarada bilər. Bildiyiniz kimi, Azərbaycan artıq Xəzər regionunda yaşıl enerji ixracatçısı kimi öz mövqeyini gücləndirməyə çalışır. Regional elektrik şəbəkələrinin inteqrasiyası da bu strategiyanın həyata keçirilməsini sürətləndirə bilər. Türkiyə baxımından yanaşdıqda isə belə bir layihə ölkənin regional enerji qovşağı olmaq strategiyasını daha da möhkəmləndirəcək. Son illərdə Ankara həm təbii qaz, həm də elektrik enerjisi sahəsində Şərqlə Qərb arasında mühüm tranzit və ticarət mərkəzinə çevrilmək istiqamətində ardıcıl addımlar atır. Ermənistanın da bu sistemə qoşulması regionun elektrik bazarında çevikliyi artırmaqla yanaşı, Türkiyənin enerji ticarəti və tranzit imkanlarını daha da gücləndirə bilər.
İqtisadçı əlavə edib ki, Ermənistan baxımından isə əsas üstünlük enerji mənbələrinin və enerji marşrutlarının diversifikasiyası olacaq. Hazırda ölkənin enerji sistemində Rusiyanın rolu, xüsusilə təbii qaz, nüvə energetikası və enerji infrastrukturunda kifayət qədər yüksəkdir. Ermənistan tərəfi də bunu inkar etmir və Rusiyadan ciddi şəkildə asılı olduğunu etiraf edir. Azərbaycan və Türkiyə ilə elektrik enerjisi əlaqələrinin qurulması Ermənistana alternativ enerji mübadiləsi imkanları qazandıra, enerji təhlükəsizliyini gücləndirə və bazarda rəqabəti artıra bilər. Bununla belə, regional enerji inteqrasiyasının Ermənistanı tam şəkildə Rusiyanın enerji asılılığından xilas edəcəyini düşünmək hələ tezdir. Çünki enerji asılılığı yalnız elektrik ötürücü xətləri ilə müəyyən olunmur. Buraya təbii qaz təchizatı, nüvə energetikası, enerji paylayıcı infrastrukturu, investisiyalar, texniki xidmətlər və uzunmüddətli kommersiya müqavilələri də daxildir. Buna görə də belə bir layihə Rusiyanın enerji sektorundakı təsirini müəyyən qədər azalda bilər, lakin qısa müddətdə onu tam əvəz edəcəyini düşünmək düzgün olmazdı.
"Daha geniş perspektivdən baxdıqda isə regional enerji inteqrasiyası bütün Cənubi Qafqaz üçün mühüm iqtisadi dividendlər vəd edir. Əgər gələcəkdə Azərbaycan, Türkiyə, Ermənistan və Gürcüstan arasında sinxron işləyən regional elektrik bazarı formalaşarsa, elektrik enerjisinin sərhədlərarası alqı-satqısı genişlənə bilər. Pik istehlak saatlarında qarşılıqlı enerji mübadiləsi mümkün olar, ehtiyat generasiya güclərindən daha səmərəli istifadə edilər və bərpa olunan enerji mənbələrinin elektrik sisteminə inteqrasiyası asanlaşar. Bütün bunlar həm regionun enerji təhlükəsizliyini gücləndirə, həm də Cənubi Qafqazın Avropa enerji bazarı ilə inteqrasiyasını sürətləndirə bilər. Qısaca desək, Paşinyanın səsləndirdiyi bu layihənin iqtisadi məntiqinin kifayət qədər güclü və əhəmiyyətli olduğunu düşünürəm. Layihə bütün iştirakçı ölkələr üçün qarşılıqlı qazanc modeli formalaşdırmalıdır. Bununla yanaşı, layihənin uğuru təkcə iqtisadi hesablamalardan deyil, daha çox siyasi münasibətlərin inkişafından, sülh prosesinin nəticələrindən, regional təhlükəsizlik mühitindən və tərəflər arasında uzunmüddətli etimadın formalaşmasından asılı olacaq. Əgər bu maneələr aradan qalxarsa, enerji əməkdaşlığı Cənubi Qafqazda iqtisadi inteqrasiyanın ən uğurlu və dayanıqlı istiqamətlərindən birinə çevrilə bilər. Bütün bunlar zaman tələb edən prosesdir. Ölkələr arasında ticarət-iqtisadi əməkdaşlıq inkişaf etməli, tərəflər uzun müddət qarşılıqlı iqtisadi fəaliyyət göstərməli, bir-biri ilə alqı-satqı apararaq qarşılıqlı fayda əldə etməlidirlər. Məhz belə əməkdaşlıq zamanla etimadın möhkəmlənməsinə xidmət edəcək", - deyə A. İbrahimov vurğulayıb.
Səidə Ramazanova